Sözümə baxmasan, taleyimə bax
Nə mən xırd satanam, nə sən xırd alan, Döndərmə bu evi dükan-bazara. Allahın o qədər xoş sözü var ki, Dilini öyrətmə giley-güzara.
Bu, şair ömrüdü, sevmir zarafat, Fikrimin, sözümün laylasına yat. Ruhum üfüqlərdə çalanda qanad, Qəlbim tuş gəlməsin ağrı-azara.
Nə inci, nə incit, nə yandır, nə yax, Açıb əjdahatək ağzını torpaq. Sözümə baxmasan, taleyimə bax, Məni diri-diri salla məzara.
2003, 18 noyabr