Sözüm var
Qulaq asın, qardaşlar, Bir əcaib sözüm var. Nə fərmayiş eyləyər Dostlara pərvərdigar.
Cahan işidir cəfa, Kim gördü ondan vəfa, Haqqın dostu Mustafa, Qalmamış bu ruzigar.
Peyğəmbər yox izindən, Nur tökülər üzündən, Aləm onun sözündən Tapdı nizamü qərar.
Ey din istəyən dostan, Olma maldan mey-məstan, Söyləyim bir xoş dastan, Əgər olsan xiridar.
Səs düşcək zəminlərə, Yol yox oldu dinlərə, Məsciddə möminlərə, Vəz deyərdi peyğəmbər.
Rəsul minbərə qalxmış, Otuz üç min yığılmış, Cümə bura cəm olmuş, Sahabələr nə ki var.
Yaranlar heyran ola, Söz yetişcək bu hala, Haqq üçün verlən mala, Hər birinə on təyyar.
Dedi Əli: «Varayım, Nə var-nə yox görəyim,
Allah üçün verəyim, Azdan-çoxdan hər nə nə var».
Gəldi dedi: «Ya Zəhra, Könlün uydurma qəhrə, Verib, alalım bəhrə, Gər təngə olsa təyyar».
Fatma der: «Olsa dirhəm, Varsam, təama versəm, Bu iki nuri-didəm, Gün yarım açdır, ağlar».
Dedi Əli: «Ya sübhan», Dolandı, baxdı hər yan, O çıxınca qapıdan, Gəldi bir sail düçar.
Dedi: «Olma naşad sən, Eylə başım azad sən, Sən bir müşkül güşad sən, Qırx min qızıl borcum var.
Xatınım vardı, öldü, Südəmər qızım qaldı, Evim həm viran oldu, Bunca oldum iflaskar».
Gədaya: «Sən qal» dedi, Oğlanlara: «Gəl» dedi, Bir cuhuda: «Al» dedi, «Oğlanlarımı, zinhar.
Pulun verərəm geri, Öyümə gəlmiş biri, Oğlanlar olsun girov, Pulun olunca hazır».
Cuhud alıb cüt oğlu, Əliyə verdi pulu, Dilənçi tutdu yolu, Getdi xoş, xürrəmivar.
Fatma oturar evdə, Oğlanları girovda. Kiçik qardaş cuhuda Der: «Kimdir bu oğlanlar».
Cuhud der: «Oğulları, Satdı Əli bunları, Tutacağam qulları, Pulu alana qədər».
Der: «Ağa, aman-mürvət, Ta gəlincə ol həzrət, Elə bunlara hörmət, Axırda çox olar kar».
Söz cuhuda kar etməz, Qardaşını eşitməz, Otuz qulac ip yetməz, Qırx qulac quyusu var.
Cuhud deyər qullara: «Haydı, düşün yollara», İpsiz kuzə qollara Verdi ki, su çəksinlər.
Götürdülər kuzəni, Gördü Cəbrayıl onu, Mikayıl sıxdı yeri, Axdı quyu çeşməvar.
Kuzəni qaldırdılar, Çeşmədən doldurdular, Durmayıb gətirdilər, Bildi cuhud qüdrət var.
Kuzəni huma tökdü, Tükənməz holuq axdı, Çay daşıb, düzə çıxdı, Cuhud qorxub etdi zar.
Cuhud eyləyib xidmət, Gətirdi nazü nemət, Etdi onlara hörmət, Der: «Olmayın biqərar».
Şahzadələr səlamət, Könülləri imarət, Əli edib təharət, Könlündə qəmi bisyar.
Haqqa eyləyib niyaz, Dedi: «Sən, ey çarəsaz», Qıldı dü rükət namaz, Gördü bir quş, zərnigar.
Boynu mirvari inci, Bahası aləm gənci, Şazadələr güvənci, Deyib tutdu beyekvar.
Quş rəvan qanad çaldı, Əlini göyə aldı, «Bərk tut» deyib səs saldı, Getdi Əli varhavar.
Ol mürği-zərrin nəqqaş, Asimana vurub baş, Əlini ölkədən dış Edib, saldı bir diyar.
Yetişdi bir diyara, Heyran oldu bu kara, İstədi bir şey sora, Heç kişi yox, əyal var.
Der: «Bihesab kansınız, Nə xoş sifət cansınız, Niyə həp zənansınız, Qəribəm, verin xəbər».
Derlər: «Eyd mahalıdır, Xəlq içərdə doludur, Xüms, əşar malıdır, Məscidlər xalvar-xalvar».
Əli bunu eşitdi, Tazə təharət etdi, Xəlqin cəminə getdi, Tutdu bir küncdə qərar.
Vaiz çıxdı minbərə, Xəlqə nəsihət verə, Söz tapmadı biçarə, Ağlar oturdu naçar.
Der cəmaət, şah, vəzir: «Nəsihətin dilpəzir, Dildə, ağızda gəzir, El sözünə intizar».
Vaiz der: «Olun agah, Yadıma gəlməz nagah, Ey vəzir, ey padişah, Burda Məhəmmədi var».
Derlər: «Tapsaq Əhmədi, Eyləriz ona bədi, Var olsa Məhəmmədi, Pullarmız səd həzar.
Şirin edib dilləri, Ələ almış elləri, Ata-baba yolları Tərk edib olmuş bizar».
Vaiz deyər: «Ey mərdan, Könlüm qorxar ol ərdən, Çağırım qoy minbərdən, Ol özün eylər aşkar».
Vaizə qulaq salıb, İşbu pəndini alıb, Hamısı razı olub Oturdular intizar.
Vaiz der: «Haq qüdrəti, Peyğəmbərin hörməti, Özün bildir, ey fəti, On iki sualim var.
Əgər özün bildirsən, Qarşımda gəlib dursan, Sözüm cavabın versən, Mal verək xalvar-xalvar».
Qəhri qaynar başından, Durdu Əli coşundan, Vardı vaiz peşindən, Der: «Mənəm Əhmədə yar.
Qul olarıq təqdirə, Bilmərik bu yer hara, Nə sözü olsa sora, Sonra üç sualım var».
Məscid içrə züha tək, Hamı dedi Süha tək, Əli bir əjdərha tək, Gəlib durdu sütunvar.
Xofa düşər təndə can, Lərzana gələr cahan, Vaiz deyər: «Ey cavan, Gəlməsin qəhrin, zinhar».
«Danışmağa yox tabım, Oxumağa kitabım, Vaiz desə cavabım, Mən soraram suallar».
Şir sözün tamam etdi, Dürüst bir kəlam etdi, Növbə kafirə yetdi, Görün, sualın sorar.
«Bir nədir, iki olmaz, İki nədir, üç olmaz, Üç həm nədir, dörd olmaz, Beş, altı, yox bərabər.
Beş nədir, altı olmaz, Altı var, yeddi olmaz, Yeddi həm səkkiz olmaz, Doqquzdan sözlə əxbar.
On nədir, on bir olmaz, On bir on iki olmaz, On iki on üç olmaz», Söz tamam etdi küffar.
Əli haqqın kitabın, Açıb mərifət babın, Verdi vaiz cavabın, «Dinləyin, ey şəhriyar.
Tanrı bir, iki olmaz, İki − ay, gün, üç olmaz, Üç rükət həm dörd olmaz, Dörd ənasirdir çahar.
Beş namazdır bil, beş vəxt, Altıdır altı cəhət, Yeddi duzəx, səkkiz cənnət, Doqquzdan cümlə qərar.
On hacılar işi xub, On bir pesəri-Yaqub, On iki aydır mərğub, Der dəxi nə sözün var».
Rastdır deb, açdı ağız, Xətt edib yazdı kağız, Qəbul eylədi vaiz, Həm bütün xəlayiqlər.
Vaiz döndü dəliyə. Qail olub vəliyə, Xəlq söylədi Əliyə: «Sən sor nə ki sözün var».
Əli açdı kitabın, Töküb gözündən abın, Desə vaiz cavabın Hamı birdən aydınlar.
Əli der: «Vaiz desin, Vaiz sözün şah desin, Şah dediyin xəlq desin, Mənim də sualım var».
Xəlq ondan olub agah, Qəbul etdilər nagah, Vaiz, vəzir, xəlqü şah, Hamı etdi ixtiyar.
Şiri-xuda şad olub, Xudaya şükür qılıb, Növbə Əliyə gəlib, Soruşdu şiri-cabbar.
«Nədir ərşə bitilmiş, Bərgi-tuba bitilmiş, Behişt qapı bitilmiş», Der, tamam etdi göftar.
Vaiz eylədi fikir, Qılmaq gərək çox zikir, Vaiz gördi, iş çuxur, Deməli oldu, ey yar;
«La ilahə illəllah, Məhəmməd rəsulullah», Üç dəfə dedi xəlq, şah, Müsəlman oldu küffar.
Xalq, şah, vəzir özləri: «Dinlədik bu sözləri, Başa saldız bizləri, Dedilər olduq iqrar».
Xəlqə elan verildi, Küfrdən din çevrildi, Dinə təlim verildi, Qıldılar qüsl küffar.
Haqq ondan rəhmət saçıb, Nur gəlib, zülmət qaçıb, Şah Əli boynun guçub, Çox ağladı zar-zar.
Der: «Ey şahi-vəlayət, Biz xoşbəxt olduq qayət, Səndən tapdıq hidayət, İslamı etdin aşkar».
Sordu onlar gəlişi, Əli dedi təşvişi, Bütün qızıl-gümüşü Etdilər ona nisar.
Yüz min altın pul, baxdı, Çib-qoynuna buraxdı, Aldı, qaladan çıxdı, Gəldi ağ quş zərnigar.
Əvvəlkı kimin etdi, Quş ayağın bəy tutdu, Quş uçub, hava getdi, Eylədi daxili-dar.
Cuhudlar qarşı gəlib, Ehzazü ikram qılıb, Hamısı razı olub, Mal verdilər bişümar.
Haqqa edib zarların, Ələ alıb varların, Gətirdi oğlanların, Fatma ondan bixəbər.
Şəkk eyləmə bu köydə, Artığın qoyub öydə, Qırx min altın cuhuda, Verdi ol şahi-səfdər.
Cuhud həm pulun aldı, Əli məscidə gəldi, Ol peyğəmbəri gördi, Salam eylədi, ey yar.
Bu iş həzrətə bəyan, Rəsula olmuş əyan, Rəsul söyləyər: «Yaran, Bax, gəlmiş şiri-cabbar.
Əli məsciddən getdi, Gör, necə işlər bitdi, Bir şəhri islam etdi, Xəlq namaza intizar.
İşlər gördü haqqıda, Gəldi durdu qapıda, Rəsul deyər: «Əlidə, Soranlar, çox xəbər var».
Əli ol tutan quşun, Haqq üçün edən işin, Şəhri islam edişin, Cümləyə verdi əxbar.
Xəbərin verdi Heydər, Derlər: «Allahü əkbər», Təhsin qaldı peyğəmbər, Son namaza durdular.
Haq der gözdən töküb xun, Hər kim munda versə don, Bu dünyada birə on Verər ol pərvərdigar.
Bir üftadə-düşkünə, Könül gəlsə coşğuna, Haqqa, Əli eşqinə, Bir verən on qat alar.
Əli gər bunu yazdı, Möminlər könlü qızdı, Olar axirət muzdu, Bihesabü bişümar.
Canım cürə məstidir, Könlüm haqq peyvəstidir, Dostum Əli dostudur, Gər ixlasın olsa var.
Məxdumqulu, mən cana, İnanmazam cahana, Duada yad qılana Yiyəm olsun mədədkar.