Söz
Döyüşən əsgərəm söz səngərində, Mənim də sinəmin sipəri sözdü. Söz mənim ruhumdu, söz mənim canım, Ruhumun, canımın təpəri sözdü.
Ürəyin dərmanı, ruhun qidası, Sevginin zirvəsi, eşqin nidası, Tanrının göylərdən enən sədası, Torpağa yetirən xəbəri, sözdü.
Könül dünyasının sərvəti, zəri, Ruh adlı mələkdi, söz adlı pəri, Nə çoxdu dünyanın şah əsərləri, Allahın ən böyük əsəri sözdü.
2011, 3 yanvar