Soruşma
Məndən soruşma ki, saat neçədir, Bilmək istəmirəm vaxtı, zamanı. Nə bilim gündüzdü, yoxsa gecədi, Xəyalım qucanda yeri, səmanı.
Ayın neçəsini soruşma məndən, Gedib çıxmışamsa Günəşə, Aya. Uca duyğulara qovuşanda mən, Vaxtı xatırlamaq qalsın sonraya.
Şair xəyalında nə axşam, sabah, Nə vaxta sığışar, nə yerə, göyə. Hər şeyi yaratdı yaradan Allah, Ölçü yaratmadı ölçüsüzlüyə.
2006, 3 fevral