Əsas məzmuna keç

Qoşma

Sönməzim

Zəlimxan Yaqub

2
Cənublu şair qardaşım Sönməzin “Sənsizləmişəm” şeirinə cavab

Məktubunu yana-yana oxuduq, Dərdə qarşı yenməz olduq, Sönməzim! Duyğuların qanadında ucaldıq, Zirvələrdən enməz olduq, Sönməzim!

Yaranmadan qəmlər bizə tanışdı, Zaman deyir öz dərdini danış, di. Yadlar bizim yerimizə danışdı, Nə zaman ki, dinməz olduq, Sönməzim!

Gör taleyi, gör qisməti, gör işi, Qar-boranlı həsrətimi gör, üşü. Dalğalardan istəyirik görüşü, Araz üstə dönməz olduq, Sönməzim!

Sözlərinə şeirim, sözüm çapardı, Sorağını eldən-elə apardı. Bu ayrılıq çoxdan bizi çapardı, Nə yaxşı ki, dönməz olduq, Sönməzim!

Əl çəkmədi bizdən qarayaxalar, İstədilər bizə qara yaxalar. Od vurdular, külümüzə baxalar, Yana-yana sönməz olduq, Sönməzim!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.