Sönən deyiləm
Çəkinmə! Hünərlə gir ümmanlara, Qorxuda bilməsin ləpələr səni! Həqiqət, ədalət göyə qaldırar, Yaltaqlıqla yalan ləkələr səni.
R.Acalov
Səfərə çıxmışam... ünvanım, adım, Döndərməz yolumdan ləpələr məni. Şimşəklər sürətim, yellər qanadım, Yorammaz dərələr, təpələr məni.
Ürəkdən-ürəyə nur yolu çəkə, Deyirəm, aləmdə səsim var ola. Əgər vicdanıma düşsə bir ləkə, İndidən məskənim dar məzar ola.
Səfərə çıxmışam, dilimdə andım, Bu yoldan geriyə dönən deyiləm. Yazıb-yaratmağı bir şərəf sandım, Sularda qərq olsam, sönən deyiləm!
Əgər dediyimin üstə durmasam, Zəhmətin canıma qoy qənim olsun. Bu yolu hünərlə başa vurmasam, Bütün bəşəriyyət düşmənim olsun!
Sənətə vurğunam, vurulacağam, Nə qədər ömrüm var, nə ki, sağam mən! Axıb bulaq kimi durulacağam, Yaratmaq eşqiylə yanacağam mən!
1968, 28 noyabr