Əsas məzmuna keç

Heca şeiri

Sonda ölüm var yenə

Zəlimxan Yaqub

1

Beş yaşa, ya on yaşa, Təbiətlə bəhsə gir. Min yaşa, milyon yaşa, Hamıdan əvvəl doğul, Ya hamıdan son yaşa, Sonda ölüm var yenə.

İsa kimi göyə çıx, İsgəndər ol, Teymur ol, Yer üzünə yiyə çıx. Tanrıyla söhbət üçün Musa kimi dağa çıx. Uzun ömürlülükdə Hamıdan qabağa çıx. Qaç qəmlərin əlindən, Yaşıl bir yaylağa çıx, Sonda ölüm var yenə.

Sənə bağışlasınlar Yeri, yurdu, həyatı, Qollarınla qucaqla Hüdudsuz Kainatı. Lap yeddinci göydə də Kükrəsin eşqin atı, Təslim olsun əmrinə Göylərin doqquz qatı, Sonda ölüm var yenə.

Uzaq olsun Əzrayıl, Heç kəsdən can almasın. Fatehlər, sərkərdələr Qılıncını çalmasın. Dayandırsın məhşəri, İsrafil sur çalmasın. Sevgililər soyuyub, Sevgilər azalmasın, Sonda ölüm var yenə.

Ölüm insan önündə Əyilib beş qat olsa, Həyatın özü qədər Uzun bir həyat olsa, Ölümlə başlanıbsa, Bu dünyanın əvvəli, Sonda ölüm var yenə, Sonda ölüm var yenə.

2000, 29 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.