Əsas məzmuna keç

Heca şeiri

Söhrab Tahirə

Zəlimxan Yaqub

1

Özündən ağsaqqal, özündən cavan Şairlər Söhraba əmi deyirlər. Şirin kəlmələrə versə könlünü, Bəlkə də azalar qəmi, deyirlər.

Aşıqlar həmişə onun yanında Təbrizdən oxuyur telli saz üstə. Hava var, dünyanı havalandırar, Söz var, körpü salar yüz Araz üstə.

Əmi də, dayı da deyin, a dostlar, Deməyin donubdu dərd ürəyində. Həsrət də yer tapar, sevinc də, qəm də, Kişi sinəsində, mərd ürəyində.

Açsın qanadını gülüş, qəhqəhə, Deməyin ah çəkib, aman çəkibdi. Ağ da bir xınadır, öz əlləri yox, Onu saçlarına zaman çəkibdir.

Səhəndi doyunca gəzmək istəyir, Gözləri həmişə Araz üstədi. Bir şair məsləki mübarizədə, Bir şair ürəyi muraz üstədi.

Bu elə məsləkdir, dönməz, əyilməz, Onun qüvvəsindən dünya halıdır. Məslək ki, bir yerdə ağsaqqal oldu, Həsrət vüsal ilə barışmalıdır.

Bu elə murazdır, qovuşmaq olsa, Dodaq gül bitirər söz əvəzində. Ürək oda dönər, barmaqlar şama, Baxışlar alışar köz əvəzində.

Bax onda açılar yolların donu, Əriyər, dağların qarı da qalmaz. Buludlar altında qış doğan kimi, Gödələr qış günü, yarı da qalmaz.

Durnalar düzülər hey qatar-qatar, Çırpınar, həsrəti çiynindən atar. Arzuya yetişər, mənzilə çatar, Yollarda yorulub yarıda qalmaz.

Şimşəklə doğranar duman layları, Düzənlər yatırdar dəli çayları, Verəndə hökmünü bahar ayları, Gözünü açmamış darı da qalmaz.

Getməz damaqlardan vüsalın dəmi, Torpaq qucaqlayar yaxını, yadı. Savalan dağını Qoşqar övladı Özünə yurd yeri seçər, qardaşım.

Bax onda sevinər nişanlı qızlar, Donunu sevincdən biçər, qardaşım. Səhənd ətəyində çalınar toyu, Təbrizdən Bakıya köçər, qardaşım.

Gülüşlər qarışar gözün yaşına, Gün düşər torpağın çatıq qaşına. Çəmən bulaqları çəkər başına, Sənin sağlığına içər, qardaşım.

1976, 12 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.