Əsas məzmuna keç

Qoşma

Söhbət olmasa

Məxdumqulu Fəraqi

1

Məclisin avazı olmaz, İçində söhbət olmasa. Şahlar gəlib, taxtın almaz, Bu işdə şövkət olmasa.

Eşqin yaxan odu çıxmaz, Aşiq yanar, tüstü çıxmaz, Sultanların adı çıxmaz, Bir ulu dövlət olmasa.

Çəkdiyim cəbri-həsrətdir, Qullar məkanı Məşhəddır, Adəm oğlu daim şaddır, Könlündə firqət olmasa.

Hara qaçsan fələk yetər, Gəl, yarışma, səni ötər. Bir namərddən nə iş bitər, Qaynar qan, qeyrət olmasa.

Ulu dağlar yerə batmaz, Əgər batsa, geri çıxmaz, Mürğ, heyvanın zarı çıxmaz Dağlarda səyyad olmasa.

Fələk durub qanad yaymaz, Fağır yoxsul qızıl saymaz, Çın gözələ ara qoymaz, Belində kəmənd olmasa.

Dünənki eşq bu gün sönər, Pərvanalər mürğə dönər, İgid ər namərdə dönər Ərəbi səmənd olmasa.

Şirin canlar olsa cüda, Cismin nə iş qılsın gəda,

Ərz eşitməz qadir xuda, Ellərdə taət olmasa.

Yansa cəsəd, nara qalmaz, Güllər solub xara qalmaz, Dövlətli el xərə qalmaz, İçində fəsad olmasa.

Fani cahan cana afət, Qoyar bu sərə qiyamət, Gözəl eldən gedər dövlət, Eldə səxavət olmasa.

Canları torpaq eylərsən, Cəsədə afət eylərsən, Qara daşı, de, neylərsən, Elinə hacət olmasa.

Yaxşı yerə fəsad varmaz, Ariflər adın sorammaz, Xəsis evdə mehman durmaz, Neyləsin, hörmət olmasa.

Fələk uçar, heç yürüməz, Ətrafına dönüb baxmaz, Qoç igidlər heç qarımaz Ürəkdə həsrət olmasa.

Günlər ötər, keçər aylar, İlbəildən artar vaylar, Miskin olar ulu baylar Haqdan mürüvvət olmasa.

Derlər: «Yaxınmış axirət», Görən varmıdır aqibət, Məxdumqulu, quru dərəxt — Adamda züryət olmasa.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.