Əsas məzmuna keç

Heca şeiri

Söhbət baxışların, söz əllərindi

Zəlimxan Yaqub

1
Yarı xəlvətdə gördüm, Danışmadım doyunca. Bayatılardan

Ruhunu titrədən, qəlbini alan, Bir sən, bir istəklin, bir xəlvət otaq. Kimi inandırar bu boyda yalan, Yarı xəlvətdə gör, danışma, ancaq?

Mənası sehrli, mətləbi dərin, Görən kim oxuyub bu bayatını. Güvənib gücünə şux sətirlərin, Nəğməyə döndərib öz həyatını.

Oğlan yazıldısa qızın baxtına, Söhbət baxışların, söz əllərindi. Çıxar məhəbbətin şahlıq taxtına, Sevgi də, gənclik də gözəllərindi.

Tükənmir söhbəti min illər boyu, Görəsən sevənlər nədən danışır. Taxılır nişanı, çalınır toyu, Can yanır, dil susur, bədən danışır.

Duyğular ürəkdə aşıb-daşanda, Dilə nə ehtiyac, göz danışarmış. Dilin vəzifəsi başqalaşanda, Baxışlar ən şirin söz danışarmış!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.