Sirr gedər
Çox namərdə mal veribsən, dun dünya, Gözü göydə, qayğısı yox, sirr gedər. Hanı ağlın, oda düşüb yan, dünya, Nə mərdlər var, yoxsulluqda xor gedər.
Az ömrünü sürsən əlvan işrətdə, Şirin canın qalar uzun həsrətdə, Axmaqlar bu yerdə qalar qəflətdə, Aqil olan öz qəmini yer gedər.
Nə doğru gələnə mehrin endirdin, Nə də gəlməyənə salam göndərdin, Heç fərqi yox səndə mərdin, namərdin, Aslan ötər, tülkü keçər, şir gedər.
Gələn fayda dilər dünya şəhrindən, Canın verib, quru qalar qəhrindən, Dünya mardır, ol ilanın zəhrindən, Tük tökülər, qanad sınar, pər gedər.
Dünya zənən, çox oynaşlı, əri bir, Bir öpüşdə ətin, qanın sorub yer, O dünyada şahla gəda, hamı bir, Burda kimin nəyi varsa, qor gedər.
Adəm oğlu, çox düynanın yalanı, Doğru sanma əyri baxıb güləni. Fikirləşmə az verib çox alanı – Borc malıdır, aldın, geri ver, gedər.
Məxdumqulu, güclü ilə dalaşma, Xeyri qoyub şər işlərlə uğraşma, Yaxşı-yaman sözüm çoxdur, qarışma, Çünki hər kəs bildiyincə der gedər.