Sığışmaz
Yaxşı tanıyıram, mən səni yaxşı, Bu yurdun başına dolanmamısan. Yanıb tüstülənən bir ev görəndə, Alışıb odlara qalanmamısan. Ana torpağımı ziyarət bilib, Gözəllik önündə diz çökməmisən. Toyda qanad açıb, vayda ağlayıb, Solan gözəlliyə yaş tökməmisən. Böyük məhəbbətdən payın azdı, az, Sənin ürəyinə Vətən sığışmaz! Yaxşı tanıyıram Vətəni, yaxşı, Əlçatmaz, ünyetməz üfüqləri var. Saysız taleləri işıqlandıran, Gözə nur gətirən şəfəqləri var. Təkcə xəyalımdan keçmir bu torpaq, Ürəyimdən keçir, qanımdan keçir. Toxunan olanda onun ruhuna, Ağrısı qəlbimdən, canımdan keçir. Ana laylasıdır, ata səsidir, Vətən müqəddəslər müqəddəsidir! Ay istəyi sönük, sevgisi dayaz, Sənin ürəyinə Vətən sığışmaz! Təkcə dərə deyil, təkcə dağ deyil, Duyğudur, ürəkdir, nəfəsdir Vətən! Qürbətin dadını görənlər bilər, Nə qədər ilahi bir səsdir Vətən! Dünyası dünyanın özündən böyük, Bütün dahilərin sözündən böyük. Vurulmaz torpağa, bağlanmaz göyə, Xırdalar tapınmaz bu böyüklüyə! Ucuz sevgiləri buz üstünə yaz, Sənin ürəyinə Vətən sığışmaz!!!