Sığınnam
Ana deyib təbiətin adına, Bala kimi o qucağa sığınnam. Arzularım çiçəklərlə öpüşər, Bağban olub yaşıl bağa sığınnam.
Avaz şirin, mahnı təzə, nəğmə tər, Ay işıqdı, Günəş nurdu, şəfəq zər. Dan yerindən göz vuranda şəfəqlər, Şehə dönüb bir yarpağa sığınnam.
Yaz göyləri, qış yuvası yaxşıdı, İsinməyə quş yuvası yaxşıdı. Qaya evi, daş yuvası yaxşıdı, Qartal olub qarlı dağa sığınnam.
Həm yazına, həm qışına qurbanam, Addımına, qarışına qurbanam. Vaxt gələndə “beş arşın”a qurbanam, Yatmaq üçün nazik ağa sığınnam.
Ondan əziz məskənim yox, yuvam yox, Ürəyimdə həsrətinə davam yox. Ondan ayrı odum, suyum, havam yox, Sığınanda bu torpağa sığınnam!