Sığal
Qəlbim pərişandı, könlüm nigaran, Ruhumu meh vursun, yel sığallasın. Dərdimi başımdan dağıtmaq üçün Saçımı bir yumşaq əl sığallasın.
Dönsün sevgilimə, dönsün yarıma, Sevgi mələkləri gəlsin karıma. Səslər sığal çəksin duyğularıma, Təzənə xal vursun, tel sığallasın.
Alın əllərindən ağrının, yasın, İtməsin içində ürək his-pasın. Şair əllərinə tikan batmasın, Şair barmaqları gül sığallasın.
Vurulan durnatək çıxsam sıradan, Toz kimi əriyib getsəm aradan, Yarıda bilməsə məni Yaradan, Qəbrimin üstünü bel sığallasın.
2010, 28 fevral