Əsas məzmuna keç

Heca şeiri

Şuşada palıd

Zəlimxan Yaqub

1

Daşaltı üstündə palıd əkiblər, Boyu biçənəkdən seçilmir hələ. Meh də tərpənəndə əsir budaqlar, Yanından heyrətlə keçilmir hələ.

Dərər nəfəsini təmiz havada, Gücü torpaq adlı mayadan çəkər. Pöhrələr böyüyüb gövdələşəndə, Köklər şirəsini qayadan çəkər.

Üşüdər qar, yağış, üşüdər dolu, Aşırar min ili palıdın yaşı. Körpəlik çağını salanda yada, Kökünün üstünə əyilər başı.

On əsrin dizini yerə qoysa da, Yenə yaşamağa bir aman istər. Baxar həsrət ilə keçmişə sarı, Vaqif arzulayar, Xuraman istər.

Bəlkə o zamankı çarpaz budaqlar Mənimlə görüşü salacaq yada. Ağac ömrümüzdən vəfalı çıxar, Bizi xatırlayıb, anar dünyada.

Zaman dalğalanar bir dəniz kimi, Neçə qasırğadan çıxar palıdlar. Təkcə qayaları, daşları deyil, Dağları bağrına sıxar qayalar.

Daşaltı altında palıd əkiblər, Müqəddəs arzular bitirmək üçün. Bugünkü qayğının sədalarını, Sabahkı dünyaya yetirmək üçün.

1975, 2 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.