Əsas məzmuna keç

Gəraylı

Şuşada oxunan şeir

Zəlimxan Yaqub

2

Babam qurdu qalasını, Nişan qoydu sabahına. Neçə nəsil pənahlandı Pənah xanın pənahına!

Qanı qarışdı tərinə, Eşqi kök atdı dərinə. Dağlar döndü səngərinə Daşlar döndü silahına!

Kimlər bəzədi kaşımı, Yerin, göyün nəqqaşımı? Mən vermərəm bir daşımı Dünyanın yüz mətahına!

Vurulmasam naxışına, Həm yazına, həm qışına, Qarşı gəlim qarğışına, Ürcah olum mən ahına!

İşıqlandı ömrü nurda, Heykəl oldu Vaqif burda, Bağlanmasa kim bu yurda, Batar elin günahına!

Şir bəslədi hər daş kaha, Baş əymədi xalqım şaha. Hər kim düşsə bu iştaha Şiş batırsın tamahına!

Meydan sular bir imansız, Dişi qanlı, özü qansız, Get, tapşırdım, ey Allahsız, Mən səni öz Allahıma!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.