Əsas məzmuna keç

Heca şeiri

Şuşa qayaları

Zəlimxan Yaqub

1

Qayalar Şuşada varaq-varaqdı, Hər qolda min dastan oxumaq olar. Bu yerə bir şeir yazmaq nahaqdı, Nəğmələr çələngi toxumaq olar.

Qonaq gəldiyimi duyub elə bil, Yenə sığallanıb, daraqlanıbdı. Qayalar küləyin əliylə deyil, Zamanın eşqiylə varaqlanıbdı.

Qoynundan uçurub neçə qartalı, Neçəsi uçmağa hazırdı burda. Vaqif qoşmasını Vaqif xəyalı Qayalar qaşına yazırdı burda.

Bu Çətin dərəyə baxdığı anda Fikrini uçurdu sirlər, soraqlar. Xəzinə qayası qırışlarında Hələ açılmamış xəzinə saxlar.

Duyğular selində çağlayıb axsan, Qanadın açılar, quşa dönərsən. Bir parça daşına biganə baxsan, Quruyub yerində daşa dönərsən.

Cabbarın, Bülbülün, Xanın səsini Qəlbinə yazdıran haldı qayalar. Dağlar yaxşı bilir vəzifəsini, Lal olar, kim desə laldı qayalar.

1975, 28 may

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.