Əsas məzmuna keç

Heca şeiri

Şuşa

Zəlimxan Yaqub

1

Qala da görmüşdüm, qartal da, qar da, Şəhər görməmişdim dağ zirvəsində. Ömür gödələrmi belə diyarda, Yaşıl bir aləm var ağ zirvəsində.

Bulud kürəyindən, çay ətəyindən, Sellər sinəsindən axır şəhərin. Seçir yerişindən dostu-düşməni, Gözü uzaqlara baxır şəhərin.

Bir də görürsən ki, kişnədi göylər, Körpə cığırları dolu bağladı. Yenə əsir aldı təbiət səni, Qayalar yıxıldı, yolu bağladı.

Çal-çağır başlayar bulaqlar üstə, “Ərim gəldi” deyər əri gələnlər. Qoynuna gedəndə quşa dönsə də, Çox çətin ayrılar bəri gələnlər.

Hər kəs çiçəyindən, gülündən dərib, Özünü bu yerdə saymamış qərib. Dostun ürəyini dağa döndərib, Düşmən sinəsinə dağ olan Şuşa!

Səbri, dözümüdür bu daş, bu qaya, Saymazı ömründə almamış saya. Ata qeyrətiylə gəlib dünyaya, Ana ismətindən doğulan Şuşa!

1975, 12 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.