Şükrü Qaya Qarabağlı
Daşdan-daşa dəyən başın qurbanıyam, Gözdən qəlbə axan yaşın qurbanıyam, Vətən canlı Vətəndaşın qurbanıyam, Qeyrətinə qurban olum, Şükrü Qaya!
Yad baxışlar mənliyini dara çəkib, Qismət yazan ağ üstündən qara çəkib, Tale səni gör bir hardan-hara çəkib, Qismətinə qurban olum, Şükrü Qaya!
Qırx səkkiz il dilin dillər tamarzısı, Qırx səkkiz il əlin əllər tamarzısı, Qırx səkkiz il gözün yollar tamarzısı, Möhnətinə qurban olum, Şükrü Qaya!
Qərib olan gözü yoldan yığan deyil, Qərib dərdi yerə-göyə sığan deyil, Qəriblərin bəxtinə gün doğan deyil, Zillətinə qurban olum, Şükrü Qaya!
Qürbət çəkən hər saatla hesab çəkir, Ürəyini şişə taxır, kabab çəkir, Qürbət çəkən ömrü boyu əzab çəkir, Qürbətinə qurban olum, Şükrü Qaya!
Üz tutqundu, göz yaşlıdı, kirpik nəmdi, Daşıdığın dağdan ağır yükdü, qəmdi, Sən Qəribsən, ana Vətən Şahsənəmdi, Ülfətinə qurban olum, Şükrü Qaya!
Sən Vətəndə sevdiyinə “can-can” dedin, Bir gözələ “ən vəfalı insan” dedin, Ad çəkmədin, ona “İsmi-Pünhan” dedin, Diqqətinə qurban olum, Şükrü Qaya!
Vətən – qardaş, Vətən – bacı, Vətən – ana, Ətri, dadı keçər südə, hopar qana. “Vətən!” dedin sən ürəkdən yana-yana, Xiffətinə qurban olum, Şükrü Qaya!
Həsrət görmək – hər gün sınmaq, əyilməkdir, Həsrət görmək – tənələrlə döyülməkdi. Həsrət görmək – içəridən yeyilməkdi, Həsrətinə qurban olum, Şükrü Qaya!
Ürəyimdi güllələnən, qəlpələnən, Göz yaşımdı dəniz olub ləpələnən. Zərrə-zərrə yer üzünə səpələnən, Millətinə qurban olum, Şükrü Qaya!