Şöhrət
Yaşatdı dünyada qüdrəti qədər, Hər kəsi özünün imzası, adı. Ucalmaq eşqinə hamı düşsə də, Ucalıq hamıya qismət olmadı.
Ən uca, ən məğrur dağın yanında Balaca dağlara deyilər təpə. Dənizin tufanı görünər gözə, Dalğa olan yerdə görünməz ləpə.
İnsanın, torpağın, havanın, suyun Dərin qatlarına enən ucalar. Əməli xalqına yaraşıq olan, Şöhrəti heykələ dönən ucalar.
Şöhrət qapısını döyən kəslərin Gecikməz, qisməti vaxtına düşər. Hər əsrin əlçatmaz bir zirvəsi var, O da bir şairin bəxtinə düşər.
1973, 4 sentyabr