Şirindi
Bir gözəl görmüşəm Çayqılıclıda,* Boy-büsatı, hər növrağı şirindi. Bəstə boyu, ağ əndamı, gül üzü, Baxdıqca qaşının tağı şirindi.
Həsrət baxan doymaz ay qabağından, Şahmar zülf tökülüb solu sağından, Öpən ölməz onun gül yanağından, Əmmək üçün dil-dodağı şirindi.
İncik olub ulusundan, elindən, Ənkabut tək can asılır telindən, Yazıq Ələsgərə nazik əlindən Mərhəmət eyləsə ağı, şirindi.