Əsas məzmuna keç

Heca şeiri

Şeyxim mənim, şahım mənim, şairim mənim

Zəlimxan Yaqub

1
Ərdəbildə Şeyx Səfi türbəsində Şah İsmayıl Xətainin məzarı başında düşüncələr

Qızıl baxtım, qızıl taxtım, qızıl tacım, hey, Həm uğurum, həm qüsurum, ağrım-acım, hey. Bu günümdə çoxdu sənə ehtiyacım, hey, ŞEYXİM mənim, ŞAHIM mənim, ŞAİRİM mənim!

Əldən çıxdı, fürsət mənim, çəm mənim deyil, Göyçə yoxsa, necə deyim, qəm mənim deyil. Təbriz, Dərbənd həm mənimdi, həm mənim deyil, ŞEYXİM mənim, ŞAHIM mənim, ŞAİRİM mənim!

İblis yenə fitnəsində, şeytan şərində, Ağrı canda, nisgil gözdə, yara dərində. Tağım uçdu, belim sındı Xudafərində, ŞEYXİM mənim, ŞAHIM mənim, ŞAİRİM mənim!

Ömrümüzü közə tutub, oda verdilər, Özümüzü özgələrə qida verdilər. Nəvələrin Borçalını yada verdilər, ŞEYXİM mənim, ŞAHIM mənim, ŞAİRİM mənim!

Yerevana döndərdilər Rəvanımızı, Sarsıtdılar qocamızı, cavanımızı, Səndən sonra düşmən qurdu divanımızı, ŞEYXİM mənim, ŞAHIM mənim, ŞAİRİM mənim!

Allah bizə fürsət verdi, ağıl vermədi, Allah bizə övlad verdi, oğul vermədi, Allah, bizə əvvəl verdi, axır vermədi, ŞEYXİM mənim, ŞAHIM mənim, ŞAİRİM mənim!

Taleyimiz qapaz görüb, şillədən keçib, Mərd kişilər başdan keçib, kəllədən keçib. Ulu şeyxlər, şah oğullar güllədən keçib, ŞEYXİM mənim, ŞAHIM mənim, ŞAİRİM mənim!

Qollarınla torpağıma sarıl, gəl, babam, Oxa çevril, kaman kimi gəril, gəl, babam. Dirilt bizi, yaşat bizi, diril, gəl, babam, ŞEYXİM mənim, ŞAHIM mənim, ŞAİRİM mənim!

Çaldıranda yaralanmış şahıma qurban, Bu yaradan tüstülənən ahıma qurban, Tarixdəki on üç yaşlı dahimə qurban, ŞEYXİM mənim, ŞAHIM mənim, ŞAİRİM mənim!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.