Əsas məzmuna keç

Heca şeiri

Şeytana uzağam, Allaha yaxın

Zəlimxan Yaqub

2

Mənim içərimdə od var, haray var, Gündüzlər Günəş var, gecələr Ay var. Qanımda çağlayan, qanımda axan, Damara sığmayan bir dəli çay var. Xəbislik, xəyanət, şər-böhtan, tamah, Gündə bir iftira, gündə bir günah Gəlsə də üstümə hey axın-axın, Şeytana uzağam, Allaha yaxın!

Yaxınlar, doğmalar, yadlar, əzizlər, Könlü havalılar, eşqi dənizlər, Paşalar, ağalar, qullar, kənizlər, Baxın, gözlərimin içinə baxın, Gün kimi aydınca görəcəksiniz, Şeytana uzağam, Allaha yaxın!

Vicdanı su kimi durular, gəlin, Çəmənlər, çiçəklər, arılar, gəlin. Sizsiz bir addım da ata bilmərəm, Köhlənim yollarda yorular, gəlin. Yığılın başıma paklar, halallar, Ruhuma süzülün, qəlbimə axın. Yeriniz yanımda yersiz görünməz, Şeytana uzağam, Allaha yaxın!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.