Əsas məzmuna keç

Qoşma

Şeirimiz

Zəlimxan Yaqub

1

Zaman-zaman ömrə ömür caladı, Şeh nurundan saflıq əmən şeirimiz. Təbiəti bizə daş-daş tanıtdı, Qızıl tala, yaşıl çəmən şeirimiz.

Əslimizin, soyumuzun dilidi, Yasımızın, toyumuzun dilidi, Otumuzun, suyumuzun dilidi, Odda yanan, suda çimən şeirimiz.

Könülləri otaq-otaq gəzəndi, Dərdimizi bir baxışdan sezəndi, Bayram günü gəlin kimi bəzəndi, Dava günü kəfən geydi şeirimiz.

İtən yurdum, batan kəndim ağlayır, Hecam, beytim, misram, bəndim ağlayır. Gah Təbrizim, gah Dərbəndim ağlayır, Yaralıdı bizim Vətən şeirimiz.

Yük daşıdı, yük apardı, yük atdı, Öz ruhunu meydanlara tək atdı. Qayaların ciyərinə kök atdı, Palıd kimi dağda bitən şeirimiz.

Danılmazdı, həqiqətdi, doğrudu, Nəsimidə bir üsyandı, ağrıdı. Füzulinin köz-köz olan bağrıdı, Vaqifdəki o gülbədən şeirimiz.

Təmiz südü, halal kökü, saf andı, Təriqətdi, şəriətdi, ürfandı. Sabir adlı zəlzələdi, tufandı, Qara bağrı zədən-zədən şeirimiz.

Cavabıdı hər sualın-sorğunun, Ahəngidi bu nizamın, qurğunun. Göz yaşıdı Şəhriyarın, Vurğunun, Öz dərdini dil-dil ötən şeirimiz.

Vaxtdan-vaxta, andan-ana doğrudur, Candan ruha, ruhdan cana doğrudur. Yaranmışdan Yaradana doğrudur, Səs-sorağı Haqqa yetən şerimiz.

2005, 6 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.