Şeirimin doğum günü
Bu gün şeirin dünyasıdı, təptəzə şeirim doğulub, O şərəfə süfrə açıb sözdən ziyafət verirəm.
Sözsüz dünya lal-kar olar, yer çevrilər cəhənnəmə, Qəlbimin hər bucağında sizə bir cənnət verirəm.
Yer üzünün rəssamıyam, fırça mənim əlimdədir, Hər sözə bir naxış vurub təzə bir zinət verirəm.
Arı ilə dost olmağım bu gün verib bəhrəsini, Hər sözümə bal qatılıb, hər kəsə nemət verirəm.
Mənim şeirim gülüstandı, hər çiçəkdən dərmək olar, Kim nə dərsə halalıdır, halal bir nemət verirəm.
Təzə ruha, təzə səsə əl qaldırıb amin deyin, Bu gün candan can ayrılıb, könüldən sərvət verirəm.
Qəbul etsin dəvətimi, unutmasın söhbətimi, Gələn məni bağışlasın, bir azca zəhmət verirəm.
Safdı ruhum, safdı eşqim, nəfəsim də saf qalacaq, Mən də şeirin dünyasına bu cür təravət verirəm.
Ölüm haqdı, Zəlimxan da bu dünyadan köçüb gedər, Şeirim könül əmanəti, sizə əmanət verirəm.
2011, 13 fevral