Şeirimə, sözümə
Bir gün ayrı düşdük, qarlı Qoşqarın Başında mən yandım, ətəyində sən. Eləmi göynətdi həsrətin məni, Olma bir çobanın tütəyindəsən.
Sən bir Yaxşısansa, mən də Sarıyam, Hər yerdə, hər zaman sənə sarıyam. Güllərin gözündən öpən arıyam, Ömrümün şanında, pətəyindəsən.
Yorulsam yolların yoxuşlarında, Taparam həyatı naxışlarında. Həm anaların baxışlarında, Həm ataların kötəyindəsən.
Özülsüz şöhrəti yellər uçurur, Deşməsin sinəni yersiz bir qürur. Qarşıda nə qədər zirvələr durur, Sən hələ dağların ətəyindəsən.
1975, 26 iyul