Şeirim
Haqqın var baş olub, başda durmağa, Qaldır məmləkəti ayağa, şeirim! Misralar meydanda mərmiyə dönsün, Kəlmələr gülləyə, darağa, şeirim!
Neçə ki oğlunu itirir ana, Neçə ki körpələr bələnir qana, Hay vurub, qıy vurub Azərbaycana, Sarıl təpə-dırnaq yarağa, şeirim!
Dərk etməz budağı, anlamaz kökü, Biganə kəslərin tərpənməz tükü, Sən götür çiyninə ən ağır yükü, Gəl çəkmə yaxanı qırağa, şeirim!
Ən güclü silahım yar olsun sənə, Açılan sabahım yar olsun sənə, Üstümdə Allahım yar olsun sənə, Dön millət yolunda çırağa, şeirim!
Kim necə aparır özünü, sən de, Doğrunu sən danış, düzünü sən de. Yaralı günümdə sözünü sən de – Sümüyə dirənən bıçağa, şeirim!
Axmasın gözlərdən yaş, necə dözsün, Yanıb qaralmasın, daş necə dözsün, Can necə tablasın, baş necə dözsün, Bu qədər qaçqına, qaçağa, şeirim!
İndidən yaxşıca hesabını çək, Yerimiz, yurdumuz bilinməyəcək, Ləkəmiz tarixdən silinməyəcək, Biz layiq olmasaq bu çağa, şeirim!
İşimiz ağırdı, yolumuz çətin, Güclüdən güclü ol, mətindən mətin. Sən ki sahibisən bu məmləkətin, Dönmə öz evində qonağa, şeirim!
Durma ortalıqda – ya ucal, ya en, Boş-boş tüstüləmə – ya alış, ya sön, Döyüşçü qəlbində əqidəyə dön, Sınmasın düşəndə sınağa, şeirim!
Qızıldan bahadır hər gün, hər saat, Gözləmir, heç kəsi gözləmir həyat. Torpağı silkələ, göyləri oyat, Sığışma dəftərə, varağa, şeirim!
Aranın gülü ol, dağın çiçəyi, Yerin tufanı ol, göyün şimşəyi. Od tutub yananda əsgər ürəyi, Bənzə durnagözlü bulağa, şeirim!
Çiynində dərd yükü daşıyan olsa, Qəmli bir ev olsa, aşiyan olsa, Harda bir ağrıyan, üşüyən olsa, Dön orda alışan ocağa, şeirim!
Nə qədər od yağır, nə qədər dolu, Yenə də eşq ilə dolusan, dolu. Özün sal cığırı, özün aç yolu, Baxma bu şaxtaya, sazağa, şeirim!
Yerində danışdır, yerində dindir, Düşmənin suçunu boynuna mindir. Haqq da, ədalət də, yer də sənindir, Haray sal yaxına, uzağa, şeirim!
Sev güllü yazını, qarlı qışını, Səslə kotanını, hayla xışını. Qoru bu torpağın hər qarışını, Baş əy bu müqəddəs torpağa, şeirim!
Daşan dənizə bax, coşan selə bax, Kükrəyən tufana, əsən yelə bax. Allah necə baxır, sən də elə bax, Çiçəyə, ağaca, yarpağa, şeirim!
Parla Günəş kimi, gəl səhər kimi, Qarşıla zəfəri sən zəfər kimi. Yazıl misra-misra şah əsər kimi, Qələbə günündə bayrağa, şeirim!!!