Əsas məzmuna keç

Qoşma

Şeiri varaqdan oxuma

Zəlimxan Yaqub

1

Ürəyinə köçür, yaddaşına yaz, O şeiri varaqdan oxuma, qardaş. Vallah, o misralar varaqlıq deyil, O şeiri varaqdan oxuma, qardaş.

Tanrının dilindən keçib o sözlər, Allahın əlindən keçib o sözlər, Kərbəla çölündən keçib o sözlər, O şeiri varaqdan oxuma, qardaş.

Düşüb bir gərəksiz axına, gəlmə, Məndən uzaqsansa, yaxına gəlmə. O, gərək ürəkdən oxuna, gəlmə, O şeiri varaqdan oxuma, qardaş.

Varı tanıyarsan, yoxu bilərsən, Hardadı ağrının çoxu, bilərsən. Mənim gözlərimdən oxu, bilərsən, O şeiri varaqdan oxuma, qardaş.

Ürəkdi, yaddaşdı, ruhdu, nəfəsdi, Havadı, layladı, nəğmədi, səsdi, Bütün qəfəsləri qıran həvəsdi, O şeiri varaqdan oxuma, qardaş.

Ocağı səngimir, közü qaralmır, Meydanı kiçilib, yeri daralmır. Varaqlar saralır, yaddaş saralmır, O şeiri varaqdan oxuma, qardaş.

Sənlə kəlmə kəsməz, söhbət başlamaz, Sənlə əkin əkib, torpaq xışlamaz. Allah bağışlamaz, bəndə xoşlamaz, O şeiri varaqdan oxuma, qardaş.

2002, 8 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.