Şəhri-Şirvanın əcəb dilbəri-dilculəri var
Şəhri-Şirvanın əcəb dilbəri-dilculəri var, Gülbədən, qönçədəhən, sadəvü məhruləri var, Bu Xəta mulküdü, həryanda çox ahuləri var, Yüz ləbi şəhdü-fəkər, zülfi səmənbuləri var, Yüz qədi sərvi-səhi, gözləri caduləri var.
Hər nə bu şəhrdə kim var isə çox məhrulər, Hər biri bir kəsə bir növ ilə dilculuq edər, Hər zaman aşiqə yüz lütf ilə meyl eylərlər Bu mələkruyü mələkxuyü mələksimalər, Yaxşı xasiyyəti, çox yaxşı gözəl xuləri var.
Xameyi-sün verib gör necə rövnəq bulara, Yaraşır şiveyi-məhbubluq ancaq bulara, Dəstrəs əhli-Şamaxı olub əlhəq bulara, Belə nemətləri kim, qismət edib həq bulara, Bilmirəm mən buların daxı nə qayğuləri var.
Bunların cümləsinin şiveyi-rəftarı gözəl, Xülqü xoş, xuyi pəsəndidə, hər ətvarı gözəl, Çeşmi-xummarı gözəl, türreyi-tərrarı gözəl, Güli-rüxsarı gözəl, ləli-şəkərbarı gözəl, Hamısından bu gözəl kim, yumuşaq suləri var.
Çoxdu bu şəhrdə gərçi sənəmi-laləüzar, Buların leyk, bir ayinəbədən sərvəri var, Ədədi-ismidir əbcədlə «sədü bistü çəhar». Müjəsi navəki-dilduzdü, çeşmi xunxar, Həbbəza, yayi-müqəvvəs kimi əbruləri var.
Ah, kim, Seyyid onun eşqi ilə zar oldu, Dami-geysusuna pabəndü giriftar oldu, O Əyaz idi ki, Məhmudə gedib yar oldu, Genə bu dürri-yətimə o xəridar oldu – Kim, onun həm belə yüz Yusifi-xoşxuləri var.