Şəhidlik gərəkdir Azərbaycana
Qeyrətim, qəzəbin qılıncını çək, Varağa səngər de, qələmə süngü. Döyüşlər zamanı susmasın gərək, Fərhad cəsarəti, Fərhad külüngü.
Torpağı yad əldə qalan şairin, Silaha, mərmiyə dönməsə şeiri, Hər sözü olsa da bal kimi şirin, Yurda nə xeyri var, xalqa nə xeyri?
Millətin inamı çökməzmi dizə, Ölən odsuz ölsə, ocaqsız ölsə? Ən böyük ləkədi tariximizə, Torpaq şairləri torpaqsız ölsə.
Qarabağ gedəndən Famil qocaldı, İrəli gəlmədi, geriyə getdi. Şahmarın ümidi Allaha qaldı, Şam kimi əriyə-əriyə getdi.
Çox gördüm gözündə çağlayan seli, Tüstüsü kəsilməz bacadı Məmməd. Kəlbəcər deyəndə bükülür beli, Elə bil yüz yaşlı qocadı Məmməd.
Ağa Laçınlını bir yasda gördüm, Rəngi ağarmışdı dümağ qar kimi. Onu bir qəm dolu libasda gördüm, Oğlunu itirmiş atalar kimi. İki gözündə də yuva salıb qəm, Nə qədər kövrəkdi, nə qədər zərif. Gözünün içinə baxa bilmirəm, Mənə əzab verir Ağayar Şərif.
Sınıb, parçalanıb qəlbi, ürəyi, Şəhərdə evi yox, kənddə torpağı. Hansına baxırsan – xəzan çiçəyi, Hansına baxırsan – payız yarpağı.
Ürəkdə zədə var, könüldə yara, Bu halla şairlik eyləmək olmur. Qaranlıq çıxmasa aydınlıqlara, Yox, vallah, şairlik eyləmək olmur.
Nərəyə çevrilsin qəlbindəki səs, Axsın şimşək kimi iliyə, qana. Bu gün şairlikdən daha müqəddəs Şəhidlik gərəkdir Azərbaycana!
2003, 22 noyabr