Şəhidlik
Peyğəmbər dilindəki ən mübarək kəlmədi, Yerlərə könül verib, göylərə yüksəlmədi, Şəhidlik qisməti də ilahidən gəlmədi, Bu əlçatmaz ucalıq heyrətdi, heyrət mənə, – Tanrım, şəhid olmağın sirrini öyrət mənə!
Gözüm yox bu dünyanın sərvətində, zərində, Budaqlarım buludda, köklərimsə dərində. Niyə şəhid olmadım, Haqqın döyüşlərində, Hərdən bu ağır sual verir xəcalət mənə, – Tanrım, şəhid olmağın sirrini öyrət mənə!
Bu gün də üz-üzədir yaxşılıqla yamanlıq, Bu gün də döş-döşədir qorxaqlıq, qəhrəmanlıq, Bu gün də döyüşdədir, işıq ilə qaranlıq, Gəlsin mənim dinimdən, ikinci qüvvət mənə, – Tanrım, şəhid olmağın sirrini öyrət mənə!
Şəhidlikdi qaldıran dini də, imanı da, Şəhidlikdi dağıdan şübhəni, gümanı da. Şəhidlikdi itirən tozu da, dumanı da. Allahın özü versin hünər, cəsarət mənə, – Tanrım, şəhid olmağın sirrini öyrət mənə!
Bu gün də dilimdədir, bayatılar, ağılar, Yenə də hücumdadı qaniçənlər, yağılar. Şəhidləri olmasa millət batar, dağılar, Həyatda çox toy tutub zülüm, məşəqqət mənə, – Tanrım, şəhid olmağın sirrini öyrət mənə!
Dinimin ayağına günah yazıllar bu gün, Ayağımın altını yaman qazıllar bu gün, İslamın dediyini tərsə yozullar bu gün, Cavabını verməsəm min dəfə lənət mənə, Tanrım, şəhid olmağın sirrini öyrət mənə!!!
Almaniya, München xəstəxanası, 2008, 12 mart