Əsas məzmuna keç

Qoşma

Şəhidlərin ili

Zəlimxan Yaqub

2

Dünən bir ili də qoyduq arxada, Dünən şəhidlərin iliydi, qardaş! Göynəyən ananın qəlbi, ürəyi, Sızlayan övladın diliydi, qardaş!

Öz qanı içində üzən kimiydi, Əzilən bilirdi əzən kimiydi. İnsafı, Allahı gəzən kimiydi, Allah alçaqların feliydi, qardaş!

Heç nə yandırmazdı adamı belə, Quruyan dənizmi, adamı belə? Xalqın ən ağıllı adamı belə, O gün havalıydı, dəliydi, qardaş!

Nə bayram, nə şadlıq gətirirdilər, Qanlı bir “azadlıq” gətirirdilər. Yoxsulluq, kasadlıq gətirirdilər, İş görən düşmənin əliydi, qardaş!

O gün təbiətin rəngi sarıydı, Güllələr zamanın yağan qarıydı. Kəsilən millətin şah damarıydı, Qırılan Vətənin beliydi, qardaş!

Oğul öldürənin oğlu yoxuydu, Başsız bir başçının ağlı yoxuydu. Bizimtək sinəsi dağlı yoxuydu, Xəyanət qan soran zəliydi, qardaş!

Şəhidlər yay olub gərilmişdilər, Döşənib torpağa sərilmişdilər. Elə bil ölənlər dirilmişdilər, Elə bil dirilər ölüydü, qardaş! Kəsilən millətin şah damarıydı, Qırılan Vətənin beliydi, qardaş!!!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.