Əsas məzmuna keç

Heca şeiri

Şəhidlərim yatan yerdə

Zəlimxan Yaqub

2
Sənə dar gəlməyəcək məqbəri kimlər qazsın, Göməlim gəl səni tarixə desəm, sığmassın! Məhmət Akif

Burda ən çox işlənən söz – cəlladlara “nifrət” sözü, Burda ən çox işlənən söz – ölüm sözü, həsrət sözü. Ziyarətə gələnlərin dilindəki “rəhmət” sözü – Yağış olub yağasıdır, Şəhidlərim yatan yerdə!

Dilimizdə diş göynədən yüz bayatı, yüz ağı var, Canımızda qanlı qışın şaxtası var, sazağı var. Dərdli olan darıxmasın, yaxını var, uzağı var, Gün təzədən doğasıdır Şəhidlərim yatan yerdə!

Xain bəlli, tarix şahid, mətləb aydın, fikir qəti, Zaman özü hakim olar, bağışlamaz xəyanəti. Yüz pərdələ, yüz malala, örtmək olmaz cinayəti, Haqq nahaqqın ağasıdır Şəhidlərim yatan yerdə!

Düşmən hər gün öz əyninə paltar kimi geyir şəri, Yalan min qat çoxalsa da, haqqın gücü əyir şəri. Alçaqların fəndi keçməz, düz əyrini, xeyir-şəri, Nur zülməti boğasıdır, Şəhidlərim yatan yerdə!

Solan insan taleyidir məzar üstə sönən şam da, Daşa dəydi, çilikləndi xoş arzu da, şirin kam da. Dərdim böyük, qəlbim geniş, mən dünyaya sığmasam da, Dünya mənə sığasıdır Şəhidlərim yatan yerdə!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.