Əsas məzmuna keç

Heca şeiri

Şəhid ruhu

Zəlimxan Yaqub

2

Ulu Tanrı! Bu qədər aman olmaz, ah olmaz, Ulu Tanrı! Bu qədər dərd ürəkdə şah olmaz. Allahsız insaf olmaz, insafsız Allah olmaz, Yana-yana tükəndik piltənin yağı kimi!

Güllərin yanağına yaş yayılıb, nəm düşüb, Ellərin ürəyinə dağlar boyda qəm düşüb. Millətin qismətinə beş ildi matəm düşüb, Bir-bir uralanırıq bostanın tağı kimi!

Çiçəyi bar tutmamış sökülən tağlar görüb, Ən çətin imtahanlar, ən qəmli çağlar görüb. Mənim xalqım nə qədər düyünlər, dağlar görüb, Dağ yoxdu bu dünyaya sinəmin dağı kimi!

Əyir həsrətin yükü əyilməyən başları, Fəryad külə döndərir qayaları, daşları. Atasız körpələrin gözdən axan yaşları, İçimizi göynədir içilən ağı kimi!

Ərtək meydana çıxmır, gizlənir, qaçaq gəlir, Dırnağında avtomat, dişində bıçaq gəlir. Torpağıma göz dikən nə qədər alçaq gəlir, Şər yeriyir üstümə qaniçən yağı kimi!

Tapdananda mənliyim, dağım düzə çevrilir, Alışanda varlığım, odum közə çevrilir. Titrəyəndə ürəyim, dərdim sözə çevrilir, Yandırır dodağımı bayatı, ağı kimi!

Kimlər yasa döndərib toyları, düyünləri, Kimlərdi eşitməyən harayları, ünləri. Şəhid ruhu! Özün yaz bu dəhşətli günləri, Qəhrəman bir millətin oyanmış çağı kimi!

Namərd düşmən gülləsi keçsə də sağ-solundan, Haqq yolunda vuruşan dönməz haqqın yolundan. Şəhid ruhu! Özün tut yıxılanın qolundan, Qaldır Azərbaycanın ən məğrur dağı kimi!

Şəhid ruhu! Sən bizi əsgər eylə, ər eylə, Ovxarla duyğumuzu, təzə saxla, tər eylə. Çağır müqəddəsiylə xalqı səfərbər eylə, Dalğalan başım üstə haqqın bayrağı kimi!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.