Şəhid qanı
Həyatımda ilk dəfə bu qədər qan görürdüm, Qızıl qana bələnmiş sökülən dan görürdüm. Qan içində çalxanan Azərbaycan görürdüm, Yerdən, göydən, dənizdən axırdı şəhid qanı!
Əzizinəm, qan ağlar, Könül ağlar, can ağlar, Bu gün yaman günümdür, Mərd yanar, meydan ağlar.
Həyatımda ilk dəfə bu qədər qan görürdüm, Hər gülün arxasında sınan könül görürdüm. Bütün Azərbaycanı məlul, müşkül görürdüm, Dünyanı yandırırdı, yaxırdı, şəhid qanı!
Əzizim, nələr gördüm, Dərd dağı dələr gördüm. Min şəhidin yasında, Bir xalqı mələr gördüm.
Həyatımda heç zaman belə dərd görməmişdim, Dərdi belə amansız, belə sərt görməmişdim. Mənim düşmənim qədər mən namərd görməmişdim, Namərdlərin başında çaxırdı şəhid qanı!
Əzizinəm, yas günü, Yas – qara libas günü. Qoymaram qiyamətə, Qala bu qisas günü.
Bu yükü götürməyə hər çiyində tab olmaz, Hər sözü, cümləsi qan, heç belə kitab olmaz. Bir xalqın ürəyində bu qədər əzab olmaz, Bir milləti yay kimi sıxırdı şəhid qanı!
Əzizim, sıxar məni, Bir yana çıxar məni, Bu qədər göz yaşları, Dağ olsam, yıxar məni.
Yağış olub yağırdı, qar olub əriyirdi, Dağ olub tərpənirdi, daş olub yeriyirdi. Bizimlə ağlayırdı, bizimlə kiriyirdi, Hamının gözlərindən baxırdı şəhid qanı!
Əzizim, qara qanlı, Çək zülfün dara qanlı. Cəllad, əlin qurusun, Güllə sərt, yara qanlı.
Dost-düşməni seçirdi ayran ilə yağ kimi, Tanıdırdı dünyaya şəhidləri sağ kimi. Bir inamı yerindən qaldırırdı dağ kimi, Bir inamı kökündən yıxırdı şəhid qanı.
Əzizim, başa çıxdı, Yol gəldi daşa çıxdı, Bir inama güvəndim, Əllərim boşa çıxdı.
Xalqıma yamaq olan maymaqların, kütlərin, Yalan üstə əyləşən allahların, bütlərin. Boğazı yoğunların, qəlbi, beyni lütlərin, Axır ki axırına çıxırdı şəhid qanı!
Əzizim, yalan olmaz, Yad dərdə qalan olmaz. Kişi satqın çıxmasa, Torpağı talan olmaz.
Heç vaxt şərin atını uzağa sürmək olmaz, Belə ağır günahın altına girmək olmaz. Onu torpaqdan silib, yerdən götürmək olmaz, Düşmən qoy yaxşı bilsin, ağırdı şəhid qanı.
Əzizim, keçər gedər, Gələnlər köçər gedər. Hər kəs öz əkdiyini, Axırda biçər gedər.
Alçaqların başında qiyamətlər qoparan, Vətənin dar günündə dəniz kimi qabaran, Zaman-zaman bu xalqı haqqa doğru aparan, Yoldu, izdi, naxışdı, cığırdı şəhid qanı!
Əzizim, ordu məni, Qan tökdü, yordu məni. Qoy bu dünya tanısın, Şəhidlər yurdu məni!!!