Şəhərdə bağa çıx...
Qəlbin bir sərinlik eşqinə yanıb, Yayın bürküsünə, oduna düşsə, Aramla yeriyib, məğrur dayanıb, Hardasa dincəlmək yadına düşsə, Vaxtın olmasa da, bircə aylığa Şəhərdə bağa çıx, kənddə yaylağa.
Səpsin sinən üstə gur işığını, Bəxtinə gecədən bir ulduz istə. Duy ana torpağın yaraşığını, Tağdan qarpız istə, dağdan buz istə. Get döşə üzünü döşənən tağa, Şəhərdə bağa çıx, kənddə yaylağa.
Gəlişin güllərin könlünü alsın, Bulaqlar aşığın sazına dönsün. Gəzdiyin çəmənin eşqi ucalsın, Elin bir ərköyün qızına dönsün. Küləyi əlində döndər yaylığa, Şəhərdə bağa çıx, kənddə yaylağa.
Yollar cavanlaşsın ayağın altda, Dola cığırları biləklərinə. Onsuz da ömrümüz azdı həyatda, Könül ver axşamın küləklərinə. Dağlar ürəyini döndərsin dağa, Şəhərdə bağa çıx, kənddə yaylağa.
1975, 1 iyul