Əsas məzmuna keç

Müxəmməs

Şapəri

Aşıq Ələsgər

1

Bir saat kərəm eylə, Ərzim deyim qan, Şapəri! Gəlməyib bu cahana Sənin kimi can, Şapəri! Hüsnünə mail olub Yusifi-Kənan, Şapəri! Ya hurisən, ya pərisən, Ya da ki, Qılman, Şapəri! Xəstələr loğmanısan, Dərdlərə dərman, Şapəri!

Gəlməyib heç gözələ Bu dünyada belə nişan; Zülf bulud, qabaq ayna, Qaşlarının tağı kaman; Burun püstə, dodaq qaymaq, Ağ buxaq, qönçə dəhan; Hüsnünün zərrəsini Gördü aşıq, tapdı iman; Sənə nə bəşər deyilər, Nə də ki, insan, Şapəri!

Hüsnündə qüsur yoxdu, Qeyri işində naşıyam; Boyunun sadağası, Məclisinin peşkaşıyam; Dərdin məni tez öldürdü, Qoymaz dünyada yaşayam; Oldum hicran barkeşi, Gərək qəm yükü daşıyam, Səni gördüm, əl götürdüm Evdən, əyaldan, Şapəri!

Saatın xoş vaxtında Sən gəldin qabaq-qabağa; Ağlımı başdan aldın, Məcnun kimi saldın dağa; Sərraf olsa bir telini Verməz külli-Qarabağa; Şəki, Şirvan, Şamaxı Olsun boyuna sadağa; Doqquz mahal İrəvan da Gözünə qurban, Şapəri!

Bu gözəl peyda olub Göyçə mahalında təzə; Görənlər mail olur Gül camala, şəhla gözə; Bir kamil mirzə gərək, Vəsfini dəftərə yaza; Bir xalın Gürcüstana, Bir xalın Çeçen-Çərkəzə; Bir xalın Dağıstana Olubdu sultan, Şapəri!

Gəlməyib bu dünyaya Yəqin bilin, böylə sənəm; Üstünə nur yağacaq Hansı evə qoysa qədəm; Bilmirəm nə xoş gündə Xəlq eləyib kani-kərəm; Bir görən həsrət çəkir, Deyir: nola, bir də görəm; Duracaqdı tamaşana Taxtı-Süleyman, Şapəri!

Silkinir, qumrovları Zey-zey deyir, gəlir səsi; Buxağı büllurdandı Mərmərdən ağdı sinəsi; Əynində xas küləçə, Ətəyində zər baftası; Qaməti ər-ər kimi, Əcəb yaraşır libası; Vəsfini söyləməyə Olmuşam imran, Şapəri!

Aşıq Ələsgər deyər, Bir od salıbsan canıma; Açıb danışa bilmirəm Dostuma, nə düşmanıma; Qoy sərim qurban olsun Sən kimi zivər xanıma; Öldür xaki-payında, Əllərin batsın qanıma; Bəlkə intizar getməyəm Mən bu dünyadan, Şapəri!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.