Əsas məzmuna keç

Mürəbbe

ŞAMAXININ VƏZİYYƏTİNİN TƏSVİRİ

Seyid Əzim Şirvani

2

Saqiya, ey büti-gülçöhrə, gəlir fəsli-bahar, Meyi-gülfamı gətir, mövsümi-işrət görünür. Ruhi-Cəmşidi qılıb şad, gətir mey camın, Yenə təbimdə mənim türfə bəşarət görünür.

Var ümidim, yenə güllər açılıb yaz olacaq, Bülbüli-suxtədillər yenə dəmsaz olacaq, Çox olub eyşü tərəb, möhnətü qəm az olacaq, Açılıb laləvü gül, gör nə lətafət görünür!

Neçə illərdi ki, Şirvanə gəlib rəncü əzab, Oldu çox kimsənələr zəlzələdən xanəxarab, Kimiya kimi olub rahi-mədaxil nayab, Neçə müddətdi ki, bu əhldə üsrət görünür.

Şəhri-Şirvan idi Qafqazdə hər ölkəyə baş, Xəlqinin könlü hamı gen, üzü gültək bəşşaş, Qəhtdən, zəlzələdən bizlərə təng oldu məaş. İndi bizlərdə nə bir malü nə sərvət görünür.

Qəhtdə, zəlzələdə üsrətimiz gördü əyan, İmperaturi-müəzzəm bizə qıldı ehsan, Nəqd pul, möhləti-tövci, həm əta eylədi nan, Filhəqiqət ki, bu dövlətdə səxavət görünür.

Həqq edə Sani Aleksandra daim rəhmət, Eyləsin mənzilü məvasını baği-cənnət, Verməsin salis Aleksandra hərgiz afət – Ki, bu övladdə asari-ədalət görünür.

Şəhri-Moskovda bu il kim, o siracü vəhhac, May ayında qoyacaq izzət ilə başına tac, Gərçi xurşidi-cahan tacə deyildir möhtac, Padşəhlərdə və lakin belə adət görünür.

Odu şahənşəhi-can, tacı ədalətdir onun, Kəməri qüvvəti-həqq, təxti fərasətdir onun, Ləşkəri fövci-mələk, yavəri qüdrətdir onun», Hər yerə əzm eləsə, fəth ilə nüsrət görünür.

Harda olsa o şəhə bir neçə bədxahü bəxil, Həqq-təala edəcək geydlərin fit-təzlil, Yağdırır teyri-Əbabil o qövmə siccil, Əsfi-makövndə ol qövmə xəsarət görünür.

O zaman kim, qoyacaq tac bu şahi-dünya, Olacaqdır mənəfis, eyləyəcək lütfü əta, Barilaha, bizə də şəfqətin eylə icra. Hamıdan çünki bizim əhldə zillət görünür.

Bir tərəf zəlzələdən evlərimiz oldu xərab, Bir tərəf xəlq bahalıqda yanıb oldu kəbab, Bir tərəf getdi quberna, işimiz oldu əzab, Müxtəsər, bizdədi aləmdə hər afət görünür.

Bu haman şəhrdi kim, adlanır idi Şirvan, Bunda Şirvanşəhilər tutdu səadətlə məkan, Əxsitan şah, Xəlil şah, o şahi-Xəndan, Bax təvarixlərə gör bir nə hekayət görünür!

Mərkəzi-daireyi-cümlə vilayətdir bu, Hasilavər yeri, şirin suyu şərbətdir bu! Kim baharın görən adəm, deyə cənnətdir bu, Nə günahı var onun? Sözdə ləyaqət görünür.

Şəhrimiz abü həvadə qoyub aləmləri mat, Bakı Şirvanə bərabər ola bilməz, heyhat. Məsəlin eybi nədir «bir olumu eşşəgü at...»? Bu məsəldir, nə ki bir özgə ədavət görünür.

Var onun pisliyinə cümlə ətibbadə sübut, Qışda Əraf sifət, yayda «misali-Bərəhut. Mətləbim həcv deyil, bil ki bu mənada, sükut, Doğru söz acı olur, həqq mərarət görünür.

Bakının şəhri-Şəmaxi kimi samanımı var? Ya ki şirin suyu, bir baqi-gülüstanımı var? Kəpkü teyhusimi, ya sünbülü reyhanımı var? Onda bir neftdən özgə nə əlamət görünür?

Var sərriştələri lobər ilə ləngərdən, Doludur sahili-məqsudləri gövhərdən, Bir cəhətdən Bakı əfzəldi hamı kişvərdən – Ki, səğirində, kəbirində dəyanət görünür.

Bizdə yoxdur, var olarda neçə yer şeyi-xəvas, Safdil kimsədilər kim, hamısı mömini-xas, Ari əzbüxlü həsəd, şieyi-sahibixlas, O cəmaətdə hamı qeyrəti-millət görünür.

Biz gərəkdir eləyək şərh öz əhvalımızı, Nə gərək Bakı sözü, dağıdalar dalımızı, Döndərib tanrı ki, idbar edib iqbalımızı, Əxtəri-bəxtdə müddətdi nəhusət görünür.

Bir yaman dərd budur nazil olub tazə bəla, İstənir töycü pulu, xəlq qılır vaveyla! Gəldi bəy çıxdı, qalıb yerdə fəqirü-füqəra, Füqəra qövminə bir tazə qiyamət görünür.

Gördü dövlətli ki, şəhr əhli qalıb sərgərdan, Neçə dəfə bizə pul, buğdalar etdi ehsan, Borcdan çıxmamışıq biz hələ, çıxdı fərman, Bilmirəm bizdə nə dövlət və nə sərvət görünür?!

İmperatur bu əhvaldən olsa hali, Razı olmaz ki, pərişan ola xəlqin hali, Ey «Ziya», yaz qəzetə, şərh elə bu əhvali, Sənə, ey kani-ədəb, xəlqdə minnət görünür.

İvanov gündə yığıb xəlqi qılır hökmün əyan – Ki, gərəkdir verəsiz töycü pulun, vermir aman, Nə qədər icz edirik, yalvarırıq növhəkünan Olmayır hiç riza, başqa küdurət görünür.

İntixab eyləmişik dörd nəfər əhli-hali, Korsakov-Dondukova şərh edələr əhvali, Var ümidim ki, əgər haldən olsa hali, Edəcək rəhm ki, zatında mürüvvət görünür.

Birisi Mahmud ağadır, biri Sərkar Həsən, Birisi Hacı Əli Abbas, əla müstəhsən Və Aleksan Lələyof hali bulardan, əhsən, Filhəqiqət ki, bu dörd kəsdə himayət görünür.

Bular öz xərcləri ilə gedəcək mərdanə, Maskova, şəhri-Peterburqa, dəxi hər yanə, Salacaqlar kişilər şəhrin işin samanə, İş bilən şəxsdü, bunlarda fərasət görünür.

İşə getməkdə Həsən bəy hamıdan müstəsna, Pul işində Lələyofdan olacaq dərdə dəva, Dil işi olsa əgər, lazım olur Mahmud ağa, Onda çox sürəti-göftari-fəsahət görünür.

Füqəralər qəminə qalsa bu dörd şəxs, xuda, Bunlara nüsrətini nazil elə sübhü məsa! Qorxuram eyləməyə bir neçəsi əhdə vəfa, Çünki tənpərvərə bu əmrdə zəhmət görünür.

Bilirəm ki, birisi bu işə bişək gedəcək, Hüsni-əxlaq, kərəmkani Həsən bəg gedəcək, Getməsə heç biri, axərdə özitək gedəcək, Çünki zatında onun himmətü qeyrət görünür.

Bir neçə əmrdə sabit görünüb andə qədəm, Eylədi aclıq ilində nə qədər xəlqə kərəm, Cəm edüb uşqula ətfali üçün xeyli dirəm, Məktəbi-məclisə ondan genə hümmət görünür.

Çaryar eşqinə, ey padşəhi-ərzü səma, Bir-birindən dəxi bu dörd nəfəri etmə cüda, Rübi-məskundə ver sən bulara ömri-bəqa, Çün bulardan genə asari-kəramət görünür.

Seyyida, qorxma, bu dörd kəs gedər, inşaallah! Arizu nəxli verər bir səmər, inşaallah! Yenə Şirvanə quberna gələr, inşaallah! Kövkəbi-bəxtdə bir özgə səadət görünür!

Ta düşə töycü pulun verməyə iş samanə, Yenə möhlət olacaq bir neçə il Şirvanə, Ya ki keçmişləri əfv eyləyəcək şahanə, Təbimə qeybdən ilhami-bəşarət görünür.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.