Əsas məzmuna keç

Heca şeiri

Şairlik

Zəlimxan Yaqub

2

Ətəklərin genişi, zirvələrin ucası, Çinarların nəhəngi, palıdların qocası, Qartalların uçuşu, qayaların haçası, Yerin, göyün ləngəri məni şair eylədi!

Sözünü, söhbətini şirin dedi, xoş dedi, Ömrün bircə anı da qoy keçməsin boş dedi. Dəniz kimi dalğalan, çaylar kimi coş dedi, Haqqın eşqi, əsəri məni şair eylədi!

Bir yaxşılıq görəndə yumşaldım, mehə döndüm, Bir gözəllik görəndə duruldum, şehə döndüm, Bir xəyanət görəndə polad zirehə döndüm, Sözün hökmü, kəsəri məni şair eylədi!

Dağlar üçün qəlbimin titrəməsi, əsməsi, Yüz bələnin başını bir bələnin kəsməsi, Səhər-səhər ruhumun çöllərə tələsməsi, Ömrün neçə səfəri məni şair eylədi!

Ünü göylərdən gəlir qəlbə daman səslərin, Qarşısına haqq çıxar haqq axtaran kəslərin, Əqidə cəfakeşi əsil müqəddəslərin, Haqdan gələn xəbəri məni şair eylədi!

Minillik kədər yatır hər havanın bəmində, Dünyaların dərdi var bir insanın qəmində, Hönkürüb ağlamışam yasında, matəmində, Elin dərdi, kədəri məni şair eylədi!

Sazdan qopan haraydı, tardan qalxan nalədi, Göz yaşlarım könlümə tökülən şəlalədi. Solan hər insan ömrü bağrı yanmış lalədi, Könüllərin qəhəri məni şair eylədi!

Alçağın, kəmfürsətin həzər, əlindən həzər, Addımbaşı susdurub vurmağa fürsət gəzər. Didərdi pəncəsində, parçalardı bəd nəzər, Tanrının xoş nəzəri məni şair eylədi!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.