Əsas məzmuna keç

Heca şeiri

Şairlər özünü qoruya bilməz

Zəlimxan Yaqub

1
“Amandı özünü qoru” – deyən dostlarıma

Yanmış ağac kimi quruyan canım, Mən ki boş-boşuna qurumamışam. Hər yerdə hamını qoruyan canım, Heç yerdə özümü qorumamışam.

Cəhənnəm oldusa gözümdə cənnət, Bu dərddən özümü necə qoruyum? Dostum satqın çıxdı, qonşum müxənnət, Namərddən özümü necə qoruyum?

Tərsinə çəkdilər, tərsinə, qardaş, Şillədən özümü necə qoruyum? Bir güllə yemidi hər sinə, qardaş, Güllədən özümü necə qoruyum?

Daşın yekəsindən yapışdı əlim, Yükün ağırını götürdü çiynim. Sevgi odum oldu, ürək məşəlim, İldırım gücüylə işlədi beynim.

Dağlara, daşlara çırpar özünü, Çaylara yavaş ax, demək olarmı? Nərəylə, harayla deyir sözünü, Şimşəyə asta çax, demək olarmı?

Yumruğum havanı yardıqca yardı, Güc verdi gur çaylar, gur sular mənə. Səssizlər səsimə həsəd apardı, Meydan bağışladı kürsülər mənə.

Özüməm çəkdirən, özüməm çəkən, Bərkə də, boşa da kim çəkdi ömrü? Yerdə zəlzələdi, torpaqda təkan, Dolu şairlərin şimşəkdi ömrü.

Ən çətin günlərə sinəmi gərdim, Yurdumu qorudum yurd olsun deyə. Ən odlu şeirimi əsgərə verdim, Döyüş meydanında mərd olsun deyə.

Oda da, suya da atdım özümü, Başım qayalara dəyər, demədim. Xeyrə də, şərə də qatdım özümü, Ağrılar qəddimi əyər, demədim.

Saçında dağların qrovu varsa, Yad eldə əsiri, girovu varsa, Hər ovçu əlində bir ovu varsa, Millətin içində millətə düşmən, Hələ də qanmazı, qarovu varsa, Şairlər özünü qoruya bilməz!

Hələ yaşayırsa şər oğlu şərlər, Hələ yaşayırsa söz gəzdirənlər, Hələ yaşayırsa qəlbi deşməyə Dilində, əlində biz gəzdirənlər, Sinənin altında ürək yerinə Ürəyi göynədən buz gəzdirənlər, Şairlər özünü qoruya bilməz!

Çapırsa atını belədən belə, Acı söz, yaman göz, bəd niyyət hələ, Bulanan suları durulda bilmir, Durula bilmirsə cəmiyyət hələ, Dalbadal kürəyə enir bıçaqlar, İşini görürsə xəyanət hələ, Şairlər özünü qoruya bilməz!

Bu xalqın qəbirsiz şairləri var, Hardadı Hadinin qəbri, bilinmir. Zamanın zülmünə nə qədər dözər, Dözümü bilinmir, səbri bilinmir. Harda güllələnib, hara atılıb, Harda sona çatıb güzarı, harda. Yerdədi, göydədi, kimdən öyrənək, Müşfiqin, Cavadın məzarı harda? Cavid tutulanda xalqı, milləti Ayağa qaldıra bilməmişiksə, Müşfiq tutulanda onun yolunda Üçümüz, beşimiz ölməmişiksə, Tarixdən götürüb ibrət dərsini, Hələ də ağıla gəlməmişiksə, Şairlər özünü qoruya bilməz!

Dünyanın düz vaxtı göz qabağında Qoruya bildikmi Əli Kərimi? Qoruya bildikmi Məmməd Arazı, Qoruya bildikmi Xəlil Rzanı? Hər zaman yetirməz, hər ana doğmaz Tarix yaradanı, tarix yazanı. Od olsa özünü yandıra bilər, Qorunu, közünü yandıra bilər, Şairlər özünü qoruya bilməz!

Baş-başa veribsə şairdən ötrü, Yaman yeyənlərlə yaman deyənlər, Zirvəsinə ətək, dağına təpə, Qızıl Günəşinə duman deyənlər, Çiçəyinə qanqal, bağına səhra, Dolu sünbülünə saman deyənlər, Sipəri, səngəri palıddan olsa, Paltarı yeddi qat poladdan olsa, Şairlər özünü qoruya bilməz!

Şairi saf ruhlar, uca mələklər, Pak əllər, pak dillər qoruya bilər. Müqəddəs sevgilər, isti nəfəslər, İlahi gözəllər qoruya bilər. Üzə gülümsəyən baxtı hardadı, Şahlıq eləməyə taxtı hardadı, Canı qorumağa vaxtı hardadı, Şairlər özünü qoruya bilməz!

Şair oğulları qorumaq üçün Cəmiyyət özünü qorumalıdır! Qapazdan başını, dərddən qəlbini, Şillədən üzünü qorumalıdır! Axarı batmamış zir-zibillərə, Bulağın gözünü qorumalıdır! İti yaddaşını, uca ruhunu, Müqəddəs sözünü qorumalıdır! Şairi tarixə şöhrət bilməsə, Millət qorumasa, dövlət bilməsə, Şairlər özünü qoruya bilməz!

2009

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.