Əsas məzmuna keç

Heca şeiri

Şairlər gəlmişdi

Zəlimxan Yaqub

1

Şairlər gəlmişdi bizə bu axşam, Şairlər gəlmişdi, cahan şairlər. Ömrün baharında qaynayıb daşan, Təbii sellər kimi rəvan şairlər.

Arılar işgüzar, pətəklər dolu, Göz nurdan, söz candan şirə çəkirdi. Özünə əzizdir hər kəsin yolu, Hərə öz sevdiyi yerə çəkirdi.

Köksü gah qabarır, gah çəkilirdi, Duyan can atırdı duyulmaq üçün. Biri Nəsimini Allah bilirdi, Dərisi yanırdı soyulmaq üçün.

Sabir fırtınası sədləri yardı, Köz kimi qaynadı baxışlarında. Ulu şairlərin işığı vardı, Dəli şairlərin naxışlarında.

Coşqun, istiqanlı, qaynar, havalı, Vaqif meyvəsiydi, Vurğun barıydı. Bayatı ətirli, qoşma yuvalı, Hər budaq bir kökün yadigarıydı.

Bir şair gəlmişdi çılğın, qaraqaş, Elə bil Müşfiqin özüydü, Tanrım. Ruhunda həyəcan, qəlbində təlaş, Gözləri Müşfiqin gözüydü, Tanrım.

Qurduğu yuvanı boş qoymaz Allah, Qocalıq dünənim, gənclik sabahım. Duyğulu ürəklər Haqq adlı dərgah, Şair səngərimdi, şeir silahım.

Şairlər gəlmişdi bizə bu axşam, Şairlər gəlmişdi, cavan şairlər. Ruhları çilçıraq, ürəkləri şam, Zülmətin gözünü oyan şairlər.

Dilində ilahi bir ləngər olur, Nəfəsi həmişə təzətər olur. Oxucu gözündə peyğəmbər olur, Şeiri Allahıtək sevən şairlər. Şairlər gəlmişdi bizə bu axşam, Şairlər gəlmişdi, cavan şairlər.

2003, 30 may

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.