Əsas məzmuna keç

Heca şeiri

Şairlər

Zəlimxan Yaqub

1

Bir qələm, bir dəftər, bir söz, bir masa, Qismətinə düşər, baxtına düşər. Fikri buludlara atar kəməndi, Eşqi ucalığın taxtına düşər.

Yük ağır, yol çətin, mənzil tükənməz, Çətin səfərlərin başlanması var. Şöhrət zirvəsini fəth edənlərin, Şöhrətsiz tərəfdən daşlanması var.

Şöhrət ucaldıqca düşmən çoxaldı, Xəbislər yerində yata bilmədi. Fırtına, qasırğa, tufan, zəlzələ, Şair sevgisinə bata bilmədi.

İstər zindana sal, istər güllələ, İstər sürgün eylə, susdurmaq olmur. Şairi asırlar dar ağacından, Şeirini, sözünü asdırmaq olmur.

Göydə axtarırlar, yerdəyəm deyir, Yerdə axtarırlar, göydəyəm deyir. Ruh kimi bir yerdə tutmayır qərar, Nəfəsdə, nəğmədə, neydəyəm deyir.

Bütün silahlılar, bütün silahlar, Söz adlı silaha məğlub olacaq. Bir gündə min cildə girsə də şeytan, Axırda Allaha məğlub olacaq!

Şairlər yumacaq şeytan ağzını, Şairlər ötəcək şər qapısını. Şairlər qalxacaq uca dərgaha, Şairlər açacaq ər qapısını.

2010, 17 avqust

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.