Əsas məzmuna keç

Heca şeiri

Şairin sözünə yalandır demə

Zəlimxan Yaqub

1

Gül sənin nəyinə gərəkdir, gülüm? Öpən dodağı yox, oxşayan əli. Gəl gül də, çiçək də özümüz olaq, Sən bir az ağıllı, mən bir az dəli.

Gül sənin nəyinə gərəkdir, gülüm? Sənin gülün mənəm, çiçəyin mənəm. Güllü nağıllara getməsin ağlın, Sənin həqiqətin, gerçəyin mənəm.

Gül sənin nəyinə gərəkdir, gülüm? Hüsnün, gözəlliyin dünyada təkdi. Əgər sən varsansa, bu yer üzündə, Dünya başdan-başa güldü, çiçəkdi.

Gül sənin nəyinə gərəkdir, gülüm? Qoxla, nəfəsimi çiçəyə döndər. Şairin sözünə yalandır demə, Bütün yalanları gerçəyə döndər.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.