Əsas məzmuna keç

Heca şeiri

Şairin ömrü

Zəlimxan Yaqub

1

Fikri beyinlərə, eşqi gözlərə, Sözü ürəklərə axan sənətkar. Qəlbini, hissini xalqa bağlayıb, Böyük gələcəyə baxan sənətkar. Səadət uğrunda, Vətən yolunda Canını odlara yaxan sənətkar. Yağılar önündə, düşmən başında Şimşəklərə dönüb çaxan sənətkar. Öz sənət mülkündə hələlik təksən, Böyüyübsən, yenə böyüyəcəksən!

Sarayda keçsə də ömrünün çoxu, Yoxsulun adını andın, a şair! Söylədin: “Kor kimi qalmasın insan”, Onun həsrətiylə yandın, a şair! Qacarla döyüşdün pəncə-pəncəyə, Özünü pəhləvan sandın, a şair! Dedin: Ölərəm ki, təslim olmaram, Dönmədin yolundan andın, a şair! Ölüm ayağında qorxu bilmədin, Dağlar baş əyərdi, sən əyilmədin!

Şairim! Aləmi dolandı sözün, Oymaq-oymaq gəzdi, ellərə düşdü. Odlu ürəyindən qopan nəğmələr Sədəflər qoynunda tellərə düşdü. Yaşılbaş sonalar səni görəndə, Qıy vurdu, çalxandı göllərə düşdü. Eldarda yaranan o səs, o qüvvət Sənin nərən idi, çöllərə düşdü. Sazını Vətənin eşqiylə çaldın, İlhamı, vüqarı torpaqdan aldın.

Sən bir Günəşsən ki, daim yanarsan, Coşar, alovların sönməz dünyada. Sən bir nəğməsən ki, min illər keçər Varlığın heçliyə dönməz dünyada. Sən bir fəzasan ki, dağlar alçalar, Tufanlar qarşında dinməz dünyada. Sən bir fəzasan ki, aylı-ulduzlu, Xəyalın göylərdən enməz dünyada! Bulanmaz bulaqsan, nadir incisən, Azəri yurdunun şah sevincisən!

Sən mənim xalqımın uzaqgörəni, Gələcəyə baxan gözüsən, Vaqif! Odlar diyarının odu-alovu, Yanar ürəyisən, közüsən, Vaqif! Dünənin, bu günün, həm də sabahın Ən böyük söhbəti, sözüsən, Vaqif! O dağ duruşunda vətən görürəm, Sən elə Vətənin özüsən, Vaqif! Adınla fəxr edib, öyünür sənət, Alqış hünərinə, ölməz məhəbbət!

Qeyd: Şeir 1968-ci il noyabrın 23-də

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.