Əsas məzmuna keç

Gəraylı

Şairin andı

Zəlimxan Yaqub

2
Ey qadir Allah! Sənə ona görə səcdə eləmirəm ki, Sənin cənnətinə tamahım var, ona görə səcdə eləmirəm ki, Sənin cəhənnəmindən qorxuram. Sənə ona görə səcdə edirəm ki, Sən bu səcdəyə layiqsən. Həzrəti Əli

Allah evi! And içirəm, Ərənlərin canı haqqı! Məni sənlə görüşdürən, Vaxtın xoşbəxt anı haqqı!

Ürəklərin dolu camı, Könüllərin yanan şamı, Gecələrin dadı, tamı, Sübhün nurlu danı haqqı!

Fikri səf-səf olanların, Haqqa tərəf olanların, İşi şərəf olanların, Ölməz adı-sanı haqqı!

Düzün gülü, dağın qarı, Göyün nuru, yerin barı, Güldən şirə çəkən arı, Bal süzdürən şanı haqqı!

Təmizlərin təravəti, Halalların ləyaqəti, Zirvələrin əzəməti, Otun, suyun sanı haqqı!

Doğan günün, xoş saatın, Üzə gülən bir həyatın, Yerin, göyün, Kainatın, Əbədi nişanı haqqı!

Mənim fikrim, mənim hissim, Haqq yolundan dönməyəcək! Əqidəmin qulluğunda, Məhəbbətim sönməyəcək!

Əl vurub Kəbə daşına, Olmuşamsa haqq aşığı – Mənim süfrəm indən belə, Haqq xörəyi, haqq qaşığı!

Ey evimə gələn qonaq, Süfrəmdə şərab görməzsən. Canımda bir narahatlıq, Ruhumda əzab görməzsən.

Haqqı səpə bilməyənlər, Həqiqəti dərə bilməz. Heç kəs məni əqidəmdən, Yolumdan döndərə bilməz!

Qarışqa məndən inciməz, Danışaram, dilim təmiz. Yatanda yatağım halal, Qalxanda mənzilim təmiz.

Özünü yormasın şeytan, Onu yaxına qoymaram. Ömrüm boyu haqq yolunda Qılıncı qına qoymaram!

İnanıram, mən əl vursam, Əlim qumu göyərdəcək. Nəfəsim daşlar üstünə, Düşən tumu göyərdəcək!

Minadan ucalan eşqim, Kəbədən güc alan eşqim, Məkkədə hac olan eşqim, Saf toxumu göyərdəcək!

Mən ki qırx beş yaş içində, Zəvvar oldum ziyarətə, Girdim Kəbə qapısından, Durdum haqqa ibadətə.

Mən ki Zəmzəm bulağında, Əl-üzümü yuya bildim, Göz gördü, qulaq eşitdi, Həqiqəti duya bildim.

Mən ki ehram paltarına, Cənnət ətri səpə bildim. Dilim “Allah!” deyə-deyə, Qara daşdan öpə bildim.

Mən ki Məkkə xatirəli, Bir səfərin zəvvarıyam. Peyğəmbərin Mədinəsi, Bir şəhərin zəvvarıyam.

Bulaqların gözü kimi, Ruhun təmiz olmalıdı. Könülləri isitməyə, Eşqin dəniz olmalıdı!

Gələn gəlmiş axın-axın, Daha mənə indən belə. Hamı doğma, hamı yaxın, Hamı əziz olmalıdı!

Bu söhbəti mən demirəm, Bu Hikməti Quran deyir. Haqqın ulu dərgahına, Öz evitək varan deyir.

Meraca çapıb atını, Dində tapıb həyatını, Göyün yeddinci qatını, Bir gecədə yaran deyir.

Ziyarəti qəbul olan, Hekayəti məqbul olan, Allahına Rəsul olan, İman əhli iman deyir.

Ulu tanrım! Varlığımı, Bu imana layiq eylə! Peyğəmbərin damarından, Axan qana layiq eylə!

Daha mənə ölüm yoxdu, Daha mənə zaval yoxdu. Daha mənim dəftərimdə, Həqiqət var, xəyal yoxdu!

Daha mənim yeriyəndə, Büdrəməyə haqqım yoxdu. Daha mənim danışanda, Titrəməyə haqqım yoxdu!

Əlin harama haqqı yox, Dilin yalana haqqı yox. Qəlbin kinə-küdurətə, Nəfsin talana haqqı yox,

Qadir Allah, daha mənim, Günahımı bağışlama! Bir nemətə əyri baxsam, Tamahımı bağışlama!

Şair könlüm, indən belə, Günah sənin işin deyil. Alan alsın, verən versin, Tamah sənin işin deyil!

Çəkil xəlvət bir guşəyə, Qələm olsun, varaq olsun. Qəlbin, ruhun haqq yolunda, Şölələnən çıraq olsun!

Dözüm min-bir əzabına, Hər haqqına, hesabına. Canım qurban kitabına, Canı cana layiq eylə!

Haqqın yerdə nişanıyam, Övliyalar mehmanıyam. Hər kimin ki heyranıyam, O heyrana layiq eylə!

Dərk elədim hikmətini, Bildim ki, nəyə layiqsən. Səcdə qılır bəşər sənə, Sən bu səcdəyə layiqsən!

Qayaların sinəsindən, Qalxan atəşə layiqsən. Gedən vaxta, gələn günə, Doğan Günəşə layiqsən!

Buludların yağışına, Çiçəklərin naxışına, Ulduzların baxışına, Göyün rənginə layiqsən!

Bu qurğunun, bu nizamın, Öz əlinlə yanan şamın, Bu əbədi ehtişamın, Xoş ahənginə layiqsən!!!

Məkkə-Bakı, 1994, avqust · «Peyğəmbərin Mədinəsi» — Məhəmməd Peyğəmbər 622-ci ildə Məkkədən Mədinəyə hicrət etmiş, burada müsəlman icması (ummu) yaratmışdır. Peyğəmbərin qəbri də Mədinədədir.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.