Əsas məzmuna keç

Qoşma

Şairin

Zəlimxan Yaqub

1
Hüseyn Arifə

Qarlı yaylaq, qızıl qaya, göy çəmən Bəzəyidi, xınasıdı şairin. Qartal desə,baş endirib zirvələr Mətləbini qanasıdı şairin.

Bu torpaqda hər kim açsa gözünü, Əziz bilsə ocağını, közünü, Kəlməsini, hikmətini, sözünü Yada salıb anasıdı şairin.

Xan Arazdı sahilini aşması, Dəli Kürdü havalanıb coşması. Ürəklərdə bayatısı, qoşması Sarayıdı, binasıdı şairin.

Nəfəsidi çəmənlərin tər gülü, Nəğməsidi, incə-incə dər gülü. Vətənimin hər çiçəyi, hər gülü, Dilbəridi, sonasıdı şairin.

Qəlbini duy, asan bilmə gəl qəmi, Ağır olub el möhnəti, el qəmi. Yad eyləsən Ələsgəri, Dilqəmi, Kövrək qəlbi yanasıdı şairin.

Hey dilində əzbər olub dost adı, Zərgər kimi zər seçəndi, ustadı. El atası, Səməd Vurğun ustadı, Azərbaycan anasıdı şairin.

1975, 5 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.