Əsas məzmuna keç

Heca şeiri

Şairi qoysalar şair olmağa

Zəlimxan Yaqub

3

Şairi qoysalar şair olmağa, Çeşməyə çevrilib axar doyunca, Yağışa çevrilib yağar doyunca. Dünyanın ilahi lövhələrini, Gözünə, könlünə yığar doyunca. Bilər qiymətini vaxtın, zamanın, Gecə yuxusundan, gündüz günündən, Canından, qanından kəsər, yaradar! Şairi qoysalar şair olmağa, Tanrı qüdrətində əsər yaradar!

Şairi qoysalar şair olmağa, Əzib vüqarını sındırmasalar, Paxıllıq buzunda dondurmasalar, Ögeylik odunda yandırmasalar, Ara qarışdırıb, su bulandırıb, Yaxşını yamantək qandırmasalar, Səpər toxum kimi arzularını, Quru səhralarda gülzar yaradar! Allahın eşqindən alıb gücünü, Allah kəlamını yazar-yaradar!

Şairi qoysalar şair olmağa, Əlini dünyadan soyutmasalar, Böyük işlərini danıb, gizləyib, Xırda nöqsanını böyütməsələr, Sürgünə göndərib, gülləyə verib, Ağ olub üzünə qayıtmasalar, Şairi qoysalar şair olmağa, Gecənin bağrında səhər yaradar, Qışın ortasında bahar yaradar! Allahın yolları atişləməzdi, Nə qədər çəkilməz azar yaradıb. Müştəri dolaşıq, tərəzi çaşqın, Günahı daşınmaz bazar yaradıb.

Umduğu alqışla çəpik olanlar, Aldığı yumruqla təpik olanlar. Mənliyi bir qara qəpik olanlar, Siyasət, rəyasət alverçiləri, Dünyanı şairə məzar yaradıb.

Zaman şairlərin üzünə gülməz, Oda atmaq üçün təndir hazırlar. Böhtanlar çevrilər dar ağacına, Boğazdan asmağa kəndir hazırlar. Hər gün içərimdən yeyilməsəydi, Köntöy baxışlarla döyülməsəydi, Qeyrəti Araza körpülər salar, İlhamı təzə bir Kür yaradardı. Qoymazdı bir damla qaranlıq qala, Dünyanı başabaş nur yaradardı, Şairi qoysalar şair olmağa!

Qanqallar qanadar əl-ayağını, Çiçəklər şairin xətrinə dəyməz. Gözəllik sevdirər, gözəllər sevər, Mələklər şairin xətrinə dəyməz. İşıqdı, həyatdı, nurdu, sevgidi, Dünyası, vətəni, yurdu sevgidi, Allahı, Tanrısı, piri sevgidi. Dünyanın ikicə neməti qalsa, Onun ikisindən biri sevgidi. Duru könüllərdə dönər bulağa, Sevgisi insanı döndərər dağa, Şairi qoysalar şair olmağa!..

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.