Şairi
Sızladar köz üstə düşən yağ kimi, Kamanlar şairi, neylər şairi. Gözəllik könlünü əlindən alıb, Yolundan, izindən eylər şairi.
Ömr edər yaşamaq, duymaq eşqinə, Səsini dünyaya yaymaq eşqinə. Qəlbi bağlananda torpaq eşqinə, Öpər, əzizləyər göylər şairi.
Onun qismətidir dağ da, yoxuş da, Onun ürəyidir dolu da, boş da. Anlayar arı da, çiçək də, quş da, Anlamaz, anlamaz keylər şairi.
Dolanar həftələr, ötər fəsillər, Azalar, çoxalar dağlarda sellər. Gəldikcə dünyaya təzə nəsillər Söylər sənətkarı, söylər şairi.
1971, 20-27 dekabr