Şairə demə ki, hardan gəlirsən
Şairə demə ki, hardan gəlirsən, Elin ürəyindən, canından gələr. Xalqın ürəyində işıq yandırıb, Ürək həkiminin yanından gələr.
Yetimlər başına çəkər sığalı, Sınıq könülləri yapar, qayıdar. Özünü özgənin səadətində, Axtarar, qayıdar, tapar, qayıdar.
Şairin hər günü Nuh tufanıdı, Tufanı yatırdıb, gəmidən gələr. Özünün nəfəsi, sözünün ətri, Çiçəkdən, çəməndən, zəmidən gələr.
Xəyalı göylərin yeddi qatıdı, Ruhu insanlığın kökündən gələr. İlhamı tarixin mükafatıdı, Hünəri torpağın təkindən gələr.
Varaqdır torpağı, qələmdir xışı, Ömrünü yer kimi əkər, yorulmaz. Qolunda qüvvətdir elin alqışı, Dünyanın yükünü çəkər, yorulmaz.
Geciksə incimə, ləngisə küsmə, Çeşmədə qızlara vurular, gələr. Bir qız baxışında sellərə dönüb, Bulaq saflığında durular, gələr.
Hara getdiyini çox gözəl bilir, Hardan gəldiyini bilən şairlər.
Ömrünü atəşə, torpağa, suya, Eşqə, həyəcana, hissə, duyğuya, Dəftərə, kitaba bölən şairlər. Əbədi dirilər cərgəsindədi, Söz üstə şəhidtək ölən şairlər.
2000, 24 aprel