Şair Vəliyə
Mən Təbrizdə olanda təbrizli dostum şair Vəli məni görə bilmədi. Yana-yana – “salamlarımı o taya yetir” – deyib, telefonda ağlamağını eşidəndə dözə bilmədim.
Şair Vəli, salam yetir demişdin, Salamını mən bu taya yetirdim. Heç bir kəsin sözü yaddan çıxmadı, Salamları saya-saya yetirdim.
Görüşməyə olmasa da vaxtımız, Görüş üçün qurulmuşdu taxtımız. Göy üzündə qoşalaşdı baxtımız, Ayı Günə, Günü Aya yetirdim.
Göz yaşlarım yanağımda iz açıb, Ağlamaqdan yaralarım göz açıb. Xan Arazdan Dəli Kürə söz açıb, Nə sözün var çaydan çaya yetirdim.
Saz üstündə məni tez-tez anırdın, Nəfəsimi Tanrı payı sanırdın. Bakı deyib Məcnun kimi yanırdın, Sən Məcnunu mən səhraya yetirdim.
2009, 13 sentyabr